Kimdir Günahkar? - LeoBank yoxsa ADSEA + Ödəniş çıxılıb, borc silinmir
Vətəndaş LeoBank kartı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)-nə etdiyi ödənişin sistemdə əks olunmaması ilə bağlı çətin vəziyyətlə üzləşib.
Şikayətçi bildirir ki, 20 dekabr tarixində LeoBank kartı vasitəsilə Azərsuya ödəniş etsə də, agentliyin sistemində borc hələ də aktiv görünür.
Onun sözlərinə görə, məsələ ilə bağlı LeoBank-la WhatsApp üzərindən əlaqə saxlanılıb. Bank nümayəndələri ödənişin kartdan çıxıldığını və problemin qurumun sistemindən qaynaqlandığını bildirərək, müştəriyə qurumla əlaqə saxlamağı tövsiyə ediblər. ADSEA isə əksinə, ödənişin onlara daxil olmadığını əsas gətirərək məsuliyyəti bankın üzərinə yönləndirib.
Şikayətçi qeyd edir ki, bu günədək LeoBank tətbiqində borc kimi görünən məbləğ hazırda tətbiqdən silinib. Lakin ADSEA-nın rəsmi portalında və digər ödəniş sistemlərində borc hələ də aktiv olaraq qalır. Bu ziddiyyətli vəziyyət müştərini çıxılmaz durumda qoyub.
Vətəndaş oxşar problemlə qarşılaşanların olub-olmadığını soruşaraq məsələnin ictimailəşdirilməsini vacib sayır.
Qeyd edək ki, LeoBank “Unibank” ASC-nin tərkibində fəaliyyət göstərir. Hazırda Unibank ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir. Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.
Xatırladaq ki, mediada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli ilə bağlı dəfələrlə tənqidi yazılar dərc olunub. Bu iddialarda agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxs kimi göstərilən Əsəd Şirinovun adları xüsusilə hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun səmərəsiz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı problemlərinin dərinləşdiyi qeyd edilmişdi. Bildirilir ki, bu problemlərlə bağlı elan edilən son tenderin dövlətə borclu şirkətə verilməsi də əlavə suallar doğurur.
Ayaz