Böyük Britaniyanın Müdafiə Nazirliyi hərbi bazaların və kritik infrastruktur obyektlərinin pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorunması məqsədilə yönəldilmiş enerji lazer silahı DragonFire sistemini tətbiq etməyi planlaşdırır.
32gun.az bildirir ki, bu barədə The Times qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, DragonFire sistemini tamamlayan yeni texnologiya hərbi bazaların və kritik əhəmiyyətli obyektlərin müdafiəsində mühüm rol oynaya bilər.
Bildirilir ki, 2027-ci ildən etibarən Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus Type 45 tipli esmineslər DragonFire lazer qurğuları ilə təchiz ediləcək. Qeyd olunur ki, ötən ilin noyabrında Avropa müdafiə şirkəti MBDA-nın Britaniya bölməsi ölkə hökuməti ilə 316 milyon funt sterlinq (təxminən 425 milyon dollar) dəyərində müqavilə imzalayıb. Müqavilə Hərbi Dəniz Qüvvələri üçün lazer sistemlərinin tədarükünü nəzərdə tutur.
Vurğulanır ki, DragonFire lazer sistemində bir atəşin dəyəri cəmi 10 funt sterlinq təşkil edir. Eyni zamanda sistem yüksək dəqiqliyə malikdir və 1 kilometr məsafədə 1 funtluq sikkəni belə dəqiq vurmaq qabiliyyətinə sahibdir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi qeyd edir ki, bu texnologiya ənənəvi raket sistemləri ilə müqayisədə daha iqtisadi hesab olunur. Belə ki, Sea Viper raketinin buraxılışı təxminən 1 milyon funt sterlinqə başa gəlir.
Ayaz