“Naxçıvan Telekom” bulud əsaslı billing sistemi üçün 187 min manatdan çox vəsait ayırır
“Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet və rabitə xidmətlərinin avtomatik hesablanması, eləcə də ödənişlərin idarə olunması məqsədilə bulud əsaslı billing sisteminin satınalınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalma üzrə ehtimal olunan qiymət 187.030 manat təşkil edir. Layihə çərçivəsində “Naxçıvan Telekom” üçün 100 min abunəçiyə qədər miqyaslana bilən, geniş funksionallığa malik müasir billing platformasının qurulması nəzərdə tutulur.
Məlumata görə, layihə texniki tələblərin dəqiqləşdirilməsi və arxitektura sxemlərinin hazırlanmasından başlayaraq, bulud billing əsas sistem lisenziyasının təqdim olunmasını, billing və ödənişlərin avtomatlaşdırılması, hesabatlılıq, radius (aaa), ipv4 idarəetməsi, şəbəkə avadanlıqları və pon monitorinqi, pppoe və ipoe modulları, crm, sms və telegram inteqrasiyası, tr-069, helpdesk və ticketing, inventory və planlama modulları, netflow collector və iptv funksionallığını əhatə edir.
Layihə çərçivəsində həmçinin sistem mühitinin hazırlanması, ilkin quraşdırma və konfiqurasiya, şəbəkə avadanlıqları, ödəniş sistemləri və iptv platforması ilə inteqrasiya, mövcud məlumatların miqrasiyası, funksional və yük testlərinin aparılması, pilot istismar mərhələsi və tam istismara verilmə nəzərdə tutulur. Bildirilir ki, sistem 100 min abunəçi üçün performans və yük testlərindən keçiriləcək.
Satınalma paketinə admin, noc, helpdesk, crm və maliyyə istifadəçiləri üçün təlimatlar, texniki sənədlər, api və inteqrasiya sənədləri, eləcə də zəmanət müddətində 2-ci və 3-cü səviyyə texniki dəstək də daxildir. Zəmanət müddəti 12 ay nəzərdə tutulub.
Tender çərçivəsində ayrıca olaraq bulud billing sisteminin müəssisənin maliyyə-mühasibat erp proqram təminatı ilə inteqrasiyası da planlaşdırılır. Bu inteqrasiya vasitəsilə debitorlar, köçürmələr və digər maliyyə məlumatlarının billing sistemindən erp-yə avtomatik ötürülməsi təmin olunacaq.
Ayaz