Məşhur serialın "spin-off"nun bu səhnəsi izləyiciləri qəzəbləndirib
HBO-nun (Home Box Office— ABŞ-də yaradılmış, ödənişli kabel və striminq televiziya şəbəkəsi) məşhur “Taxt Oyunları” serialının spin-offu (Məşhur bir serialdan ayrılan personaj və ya mövzu əsasında çəkilən yeni serial) olan “Yeddi Krallığın Cəngavəri” (A Knight of the Seven Kingdoms) serialının ilk bölümü gözlənilməz və mübahisəli səhnə ilə start götürüb.
32gun.az Xarici KİV-ə istinadən bildirir ki, serialın ilk dəqiqələrində yer alan defekasiya səhnəsi bir çox tamaşaçının narazılığına səbəb olub və hətta əsərin müəllifi Corc R. R. Martinin özünü belə çaşdırıb.
İlk epizodda baş qəhrəman Dankan cəngavər turnirində iştirak etmək qərarı verir. Bu qərar “Taxt Oyunları” serialından tanış melodiyanın sədaları altında təqdim olunur. Lakin musiqi qəfil kəsilir və ekranda Dankanın ehtiyacını ödədiyi kadr göstərilir.
Corc Martin bu səhnəyə münasibət bildirərək deyib:
“Bu, gözlənilməz idi. Demək istəmirəm ki, mənim personajlarım belə şeylər etmir, amma adətən bunu bu qədər detallı təsvir etmirəm. Ssenarinin ilkin variantını görəndə soruşdum: ‘Bu nədir? Haradan çıxıb? Doğrudanmı buna ehtiyacımız var?’ Amma [şouranner Ayra Parkerə] nədənsə bu fikir xoş gəldi.”
Şouranner Ayra Parker isə səhnənin məqsədini belə izah edib:
“Dunk hələ qəhrəman deyil. O, qarşıdakı sınaqlardan qorxan, mədəsi zəif olan sadə bir gəncdir — mənim kimi. Nə qədər böyük iş görmək istəsən də, o an gəlib çatanda bunu etmək birdən-birə çətinləşir.”
“Yeddi Krallığın Cəngavəri” serialı HBO Max platformasında 18 yanvar tarixində yayımlanmağa başlayıb. Bu, “Əjdahalar Evi”ndən sonra “Taxt Oyunları” kainatında çəkilən ikinci spin-off layihəsidir. Serial Corc R. R. Martinin eyniadlı əsərlər silsiləsi əsasında hazırlanıb və hadisələr Deyeneris Tarqarienin doğulmasından təxminən 100 il əvvəl cərəyan edir. Süjetin mərkəzində cəngavər Dankan Hündür və onun silahdaşı Eqq dayanır. Eqq gələcəkdə kral V Eygon Tarqarien olacaq. Layihə müəllifləri serialın əvvəlki Vesteros layihələrinə nisbətən daha az qaranlıq olacağını vəd ediblər.
Qeyd edək ki, Corc Martin 2025-ci ilin oktyabrında etiraf etmişdi ki, “Taxt Oyunları” kainatının böyük uğuru televiziya kanalları və studiyaların onun əvvəl kommersiya baxımından uğursuz saydığı əsərlərinin belə ekranlaşdırma hüquqlarını almağa maraq göstərməsinə səbəb olub.
Ayaz