DÜNYA

Putin etiraf etdi - problemlər yaşanıb...

Rusiya fevralın 24-də başladığı Ukraynaya təcavüz əməliyyatında daha 4 bölgəni ilhaq etməklə böyük irəliləyiş əldə edib. Lakin cəbhədən gələn xəbərlərə və siyasi kulisdə əksini tapan iddialara görə, Rusiya ordusu Ukraynada çox çətin vəziyyətə düşüb.

32gun.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının ötən həftə açıqladığı hesabata görə, Putinin sentyabr ayında ölkədə 300 min ehtiyatı qismən səfərbər etməsi istehsal prosesləri və məhsulun saxlanması üçün yeni problemlər yaradıb. Mərkəzi Bank bu təcrübənin istehlakçıların və biznesin inamına da mənfi təsir göstərəcəyini bildirib.

Mərkəzi Bankın araşdırma departamenti "sentyabr ayında iqtisadi aktivlik dayanıb",- deyə yazıb. O, əlavə edib ki, ayın sonuna kimi iqtisadi şərait daha da pisləşib.

Rusiya prezidenti Vladimir Putinin son olaraq verdiyi açıqlamalar da bu vəziyyətin sübutu idi. Putinin Koordinasiya Şurasındakı çıxışı Rusiya müdafiə nazirinin Ukraynanı radioaktiv “çirkli bombalardan” istifadə etməyə hazırlaşmaqda ittiham etməsindən iki gün sonraya təsadüf edib və bu, müharibənin yeni eskalasiyası ilə bağlı narahatlıq doğurub. Putin çıxışında ölkəsinin Ukrayna müharibəsində “problemlərlə” üzləşdiyini etiraf edib və komandasına münaqişədə qərar qəbuletmə prosesini sürətləndirməyi tapşırıb.

Bununla belə, bəyanatların xəbər qurumları tərəfindən fərqli şəkildə tərcümə olunduğu görünür. Məsələn, AFP-nin tərcüməsinə görə, Putin Rusiyadakı “iqtisadi çətinliklərə” toxunub. “Biz indi xüsusi hərbi əməliyyata dəstək vermək və üzərimizə qoyulan iqtisadi məhdudiyyətlərə qarşı çıxmaqla bağlı məsələləri daha tez həll etmək zərurəti ilə üzləşmişik”,- deyə Putinin çıxışı təqdim edilib.

Kreml Putinin “iqtisadi məhdudiyyətlər” ifadəsini işlətdiyini yazıb, AFP isə Putinin Rusiyanın müharibə ilə bağlı sanksiyalara görə “iqtisadi çətinliklərlə” üzləşdiyini bildirib.

Onu da qeyd edək ki, Putinin Ukraynanın işğalından səkkiz ay sonra gələn bu şərhləri Rusiyanın üzləşdiyi problemlərin etirafı kimi qiymətləndirilib.

 

Oxşar Xəbərlər