"Fikrimcə, bu Rusiya daxilində siyasi elitalar qarşıdurmasıdır. Ola bilsin ki, təbii ki, burada başqa ölkələrin də xüsusi xidmət orqanlarının iştirakı var".
Bunu 32gun.az-a danışarkən siyasi ekspert Əhəd Məmmədli deyib. O qeyd edib ki, Rusiyadakı hadisələr 1993-cü ildə iyun ayında Azərbaycanda baş verən hadisələri xatırladır:

"Burada bir fərqli cəhət var. O vaxt Azərbaycan müharibə edirdi, indi Rusiya müharibə edir. Amma o vaxt Azərbaycan cəbhə bölgəsində hərbi baxımından yaxşı vəziyyətdə deyildi, müharibə Azərbaycan ərazisində gedirdi. Rusiya isə hazırda digər ölkənin ərazisindədir, ölkənin ərazisinin 20%-ni işğal edib və hərbi cəhətdən daha yaxşı vəziyyətdədir.
Məntiqə uyğun olmalı idi ki, bu proseslər Ukraynada baş versin, amma Rusiyada baş verdi. Düzdür, bunun işartıları artıq bir neçə aydır Priqojin tərəfindən var idi, gözlənilirdi. Priqojin ən axırıncı üsula əl atdı və öz ordusuyla Rusiyanın Rastov kimi Voronej kimi önəmli şəhərlərini tutmağa başladı.
Bəzi məlumatlar da gəzir ki, hətta Putin guya prezident təyyarəsi ilə artıq öz məkanını tərk edib, iqtidar Moskvadan Peterburqa köçüb, Lukaşenko ailəsiylə birgə prezident təyyarəsi ilə Türkiyənin Bodrum şəhərinə eniş edib.
Priqojin Putinin sağ əli, aşpazı olub indi ola bilsin yiyəsinə qarşı çıxıb, amma fikrimcə Putin hakimiyyəti asanlıqla əldən verən deyil.
Proses toqquşmaya doğru getsə, Putin sonda Priqojinin həbs edilməsinə və ya məhv edilməsinə nail olacaq".
Aysel Şirinova