Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Rusiyaya qarşı kifayət qədər sürətlə irəliləmədiyini bildirib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə Con Kirbi bu fikirləri mətbuat konfransı zamanı bir jurnalistin "Ukraynanın Rusiyaya qarşı hücumunun ləngidiyini düşünürsünüz?" sualına cavab zamanı səsləndirib.
Kirbi fikirlərinə əlavələr edərək "Ukrayna prezidenti Vladimir Zelenski də prosesin onların istədikləri qədər sürətlə getmədiyini deyib. Onlar istədikləri kimi irəliləyə bilmirlər. Ancaq bu fasilə mənasına gəlmir",- deyə bildirib. İndiyə qədər Ukraynaya tələb olunan yardımı təmin etdiklərini ifadə edən Kirbi, Vaşinqtonun Ukraynanın əks-hücum üçün bütün ehtiyaclarını ödəməyə davam edəcəyini də vurğulayıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken iyulun 23-də Ukraynanın ərazisinin yarısını Rusiyadan geri aldığını, əks-hücumun yeni başladığını və bir neçə aydan sonra formalaşacağını bəyan etmişdi.
Aysel Şirinova