"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu son 3 günün ən mühüm hadisələrindən biri kimi yadda qaldı.
Xüsusilə, Prezident İlham Əliyevin təbdirdəki çıxışı media sahəsi ilə bağlı ciddi müzakirələr yol açdı.
Prezidentin çıxışını 32gun.az-a şərh edən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov bildirib ki, xarici mediada bir çox hallarda Azərbaycanla bağlı qərəzli materiallar tirajlanır. "Cənab İlham Əliyevin bu məsələdə əsasən rəsmi Bakının Qarabağ siyasətinə qarşı aparılan qaralama kampaniyasını qabartması Prezidentin dövlət maraqlarını hansı dərəcədə müdafiə etdiyinin bariz nümunəsidir. Xarici mediada ölkə rəhbərliyi haqqında müəyyən yazılar dərc edilir. Amma diqqət edin, cənab İlham Əliyev həmin yazıları deyil məhz Qarabağla, Azərbaycanın milli maraqları ilə bağlı dərc edilən neqativ materiallara toxundu. Məsələnin digər tərəfinə gəlincə, Prezident bu çıxışı ilə bəzi xarici dairələrinin müstəqil media deyəndə heç də söz azadlığı, plüralizmi nəzərdə tutmadığını ortaya qoydu. Faktiki olaraq onları ifşa etdi. Təsadüfi deyil ki, ölkə başçısı bundan əvvəl də çıxışlarının birində Azərbaycan üçün təhlükənin daxildən deyil, məhz xaricdən olduğu bəyan etmişdi. Bu, Azərbaycanla bağlı bəzi xarici media orqanlarında tirajlanan materiallardan da aydın sezilir. Bu gün görürük ki, müəyyən xarici dairələr müstəqil media şüarı yalan və qərəzli materiallarla təsir imkanlarını artırmaq, öz maraqlarını diktə etmək üçün medianın gücündən yararlanmaq məqsədi güdür. Bu isə əlbəttə ki, qəbul edilən deyil", - deyə siyasi şərhçi vurğulayıb.
Arzuman Abdulkərimov əlavə edib ki, Şuşada keçirilən Qlobal Media Forumu əslində mediadan korporativ maraqlar naminə yararlanmaq cəhdlərinə qarşı bir tədbir kimi dəyərləndirilməlidir.
Ayxan