DÜNYA ÖZ XƏBƏR

Avropa İttifaqı Livanın yeni prezidentinin seçilməsini alqışlayıb

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Cozef Aunun Livan Prezidenti seçilməsi ölkəyə beynəlxalq yardımların bərpası və Aİ ilə Livan arasında tərəfdaşlığın tamamilə yenidən qurulması üçün yeni perspektivlər açır. 

32gun.az bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Bu mühüm addım Livan xalqı üçün ümid və yenilənmə anını ifadə edir. Parlamentariləri geniş konsensusa nail olduqları və məsuliyyət nümayiş etdirdikləri üçün təbrik edirik”, – deyə Kallasın bəyanatında vurğulanır.

Aİ rəsmisi milli birliyin vacibliyinə diqqət çəkərək, vətəndaşların hamısının son münaqişələrin nəticələrinin aradan qaldırılmasında, bərpa səylərində və siyasi sabitliyin təmin olunmasında iştirakının önəmli olduğunu bildirib.

Bəyanatda həmçinin Aİ-nin Livan xalqına dəyişməz dəstəyi bir daha təsdiqlənib. Avropa İttifaqı tezliklə islahatları və irəliləyişə yönəlmiş siyasi gündəliyi dəstəkləyən fəaliyyət qabiliyyətli bir hökumətin formalaşacağına ümid edir.

Qeyd edək ki, Livan parlamenti 12 uğursuz cəhddən sonra Cozef Aunu – ordunun keçmiş komandanını prezident seçib. Əvvəlki prezidentin səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatmışdı. Livan qanunlarına görə, prezident vəzifəsini yalnız maronit xristian icmasının üzvü tuta bilər.

Xatırladaq ki, ötən ilin dekabrında Suriyada hakimiyyətə gələn silahlı müxalifətin sıralarındakı radikal islamçı qruplaşmaların təzyiqindən ehtiyat edən şiə, ələvi və xristian icmaları Livana kütləvi şəkildə köç edirdilər.

Ayxan 

Oxşar Xəbərlər