DÜNYA ÖZ XƏBƏR

USAID müqavilə tərəfdaşları Tramp administrasiyasını məhkəməyə verdi

Fevralın 11-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə müqaviləsi olan təşkilatlar, o cümlədən Amerika Hüquq Assosiasiyası və beynəlxalq inkişaf şirkəti Chemonics, Prezident Donald Tramp administrasiyasını agentliyi dağıtmaq cəhdində ittiham edərək məhkəməyə verib.

32gun.az Reuters-ə istinadən xəbər verir ki, Vaşinqtonda federal məhkəməyə təqdim olunan iddiada Trampın Konqres tərəfindən yaradılmış federal agentliyi bağlamaq və ya qanunvericilər tərəfindən ayrılmış vəsaiti xərcləməkdən imtina etmək səlahiyyətinə malik olmadığı bildirilib.

Bu, Tramp administrasiyasının USAID-ə qarşı atdığı addımlarla bağlı üçüncü məhkəmə iddiasıdır. İddiada Tramp, Dövlət Departamenti və Büdcə İdarəsi cavabdeh qismində göstərilib və agentliyin maliyyələşdirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması tələb olunub.

“Nə prezident, nə də onun tabeliyində olan şəxslər Konqresin qəbul etdiyi qanunları ləğv etmək və öz maliyyələşdirmə seçimlərini tətbiq etmək səlahiyyətinə malikdir”, – iddiada qeyd edilib.

Sənəddə USAID-in demək olar ki, fəaliyyətini dayandırdığı, maliyyədən məhrum olduğu, işçilərinin və funksiyalarının ləğv edildiyi vurğulanıb. Müqavilələr üzrə ödənişlər dayandırıldığı üçün şirkətlərin işçilərini ixtisar etməli, yerli tərəfdaşlarla əməkdaşlığa son qoymalı olduğu və nəticədə fəaliyyətlərini tamamilə dayandıra biləcəyi bildirilib.

Ağ Ev şərh verməkdən imtina edib. Administrasiya isə məhkəmədə prezidentin xarici siyasət üzərində geniş səlahiyyətlərə malik olduğunu və agentlik işçilərini istənilən səbəbdən məzuniyyətə göndərə biləcəyini müdafiə edib.

Yanvarın 20-də inauqurasiyadan bir neçə saat sonra Tramp bütün xarici yardımları dayandırmağa dair fərman imzalayıb. Dövlət Departamenti bu qərardan sonra USAID-in bir çox proqramlarını dayandırıb, agentliyin xaricdəki işçiləri geri çağırılıb.

İddiada qeyd olunub ki, bu qərarlar nəticəsində 240 milyon dollarlıq dərman və tibbi ləvazimatların çatdırılması dayandırılıb ki, bu da 566 min insanın, o cümlədən 215 min uşağın həyatını təhlükəyə ata bilər.

Həmçinin, məhkəmə USAID işçilərinin məzuniyyətdən geri çağırılmasına qərar versə də, agentliyin maliyyələşdirilməsinin bərpası ilə bağlı qərar çıxarmayıb.

Nilay 

Oxşar Xəbərlər