Amasyada tibb bacısı işləyən 32 yaşlı Minecan Tek, soyuqdəymə şikayəti ilə müraciət etdiyi xəstəxanədə donuz qripi diaqnozu qoyulduqdan sonra vəfat edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amasya Universiteti Sabuncuoğlu Şərəfəddin Təhsil və Araşdırma Xəstəxanası 4 ildir çalışan gənc əməkdaşının ölüm xəbəri ilə bağlı açıqlama verib.
“Xəstəxanamızın koronar reanimasiya şöbəsində çalışan tibb bacısı Minecan Tek, yaşadığı sağlamlıq problemləri səbəbilə vəfat etmişdir. Dəyərli iş yoldaşımıza Allahdan rəhmət, ailəsinə, yaxınlarına və bütün tibb ictimaiyyətinə başsağlığı diləyirik” açıqlaması ilə paylaşılıb.
Minecan Tek, 6 fevralda soyuqdəymə şikayəti ilə xəstəxanaya müraciət edib. Müalicədən sonra evində istirahət edən tibb bacısı, 9 fevralda nəfəs darlığı şikayəti ilə yenidən xəstəxanaya gətirilib. İlkin müdaxilədən sonra donuz qripindən şübhələnilən Tek, ürək çatışmazlığı səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırlaşan gənc tibb işçisi bu səhər həyatını itirib.
Minecan Tek üçün çalışdığı xəstəxanada vida mərasimi keçirilib. Mərasimdə Amasya Bələdiyyə Başçısı Turqay Sevindi, İl Sağlamlıq Müdiri Dr. Dursun Koç, Xəstəxananın Baş Həkimi Dr. Volkan Taşova, mərhumun anası, qardaşı, yaxınları və iş yoldaşları iştirak ediblər. Vida mərasimindən sonra Tekin nəşi doğulduğu İğdıra göndərilib.
Xəstəxananın Baş Həkimi Dr. Volkan Taşova, tibb bacısının qrip simptomları ilə xəstəxanaya müraciət etdiyini və vəziyyətinin sürətlə pisləşdiyini bildirib: “Cümə axşamı qrip simptomları ilə başlayan vəziyyəti bazar günü ağırlaşdığı üçün xəstəxanamızın təcili yardım şöbəsinə gətirilib. Burada aparılan müayinələr zamanı qripin ürək problemlərinə səbəb olduğu və ürək çatışmazlığı inkişaf etdiyi müəyyən edilib. Təcili olaraq reanimasiyaya yerləşdirilib, lakin vəziyyəti daha da ağırlaşıb və edilən bütün tibbi müdaxilələrə baxmayaraq, səhərə yaxın həyatını itirib.”
Taşova, Tekin iş yoldaşları və xəstələri tərəfindən sevilən, gülərüz və məsuliyyətli biri olduğunu vurğulayaraq, “İnfluenza virusu ilə yoluxduğu təsdiqləndi. Bu il yayılan donuz qripi həyati təhlükə yaradan ağırlaşmalara səbəb ola bilir. Təəssüf ki, tibb bacımız da belə bir ağırlaşma ilə üzləşdi və edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədi. Bütün səhiyyə ictimaiyyətinə başsağlığı veririk” deyə bildirib.
Ayxan