Konyanın Meram rayonunda bir nəfər avtomobilində ölü tapılıb. İlkin olaraq hadisənin intihar olduğu bildirilsə də, polis araşdırmaları cinayət ehtimalını üzə çıxarıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saat 07:00 radələrində Meram rayonunun Gödənə məhəlləsində baş verib. Boş ərazidə park edilmiş 42 K 3454 dövlət nömrə nişanlı avtomobildə bir şəxsin özünü bıçaqladığı barədə məlumat daxil olub. Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Həkimlərin yoxlaması nəticəsində 37 yaşlı Şuayip Demirin həyatını itirdiyi müəyyən edilib. Avtomobildə onunla birlikdə olan və birlikdə yaşadığı öyrənilən 35 yaşlı Ayşe K. ilkin ifadəsində hadisənin intihar olduğunu desə də, verdiyi ziddiyyətli açıqlamalar polis əməkdaşlarının şübhəsinə səbəb olub. O, Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.
İlkin dindirmə zamanı Ayşe K. hadisəni törətdiyini etiraf etsə də, daha sonra ifadəsini dəyişərək cinayəti boynuna almayıb. Məhkəməyə çıxarılan Ayşe K. həbs edilərək cəzaevinə göndərilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Nilay