İstanbulda 2024-cü ilin aprel ayında keçirilən əməliyyat zamanı İsrail kəşfiyyat xidməti MOSSAD-a məlumat ötürməkdə ittiham olunan sığorta şirkətinin altı üzvü həbs edilib, bir nəfər isə sərbəst buraxılıb.
İstanbul Cumhuriyət Baş Prokurorluğu və MİT-in birgə keçirdiyi əməliyyatda şirkətin sahibi Ahmet Ersin Tumlucalı da daxil olmaqla altı nəfər "Dövlətin gizli saxlanmalı olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədilə əldə etmə" ittihamı ilə həbs edilib.
İstintaq çərçivəsində hazırlanan iddianamədə Tumlucalı, onun həyat yoldaşı və ögey qızının da daxil olduğu yeddi nəfər üçün 15 ildən 22 ilə qədər həbs cəzası tələb olunub.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddianamədə şübhəlilərin MOSSAD-ın İsrail Çevrimiçi Operasyon Merkezi adlı bölməsi üçün çalışdıqları və Türkiyədə müəyyən şəxslərə aid fotoşəkil və şəxsi məlumatların toplanması ilə məşğul olduqları qeyd edilib.
İddianamədə həmçinin MOSSAD-ın Tumlucalıya Ürdün, Suriya və Azərbaycan əsilli şəxsləri izləməsi üçün tapşırıq verdiyi bildirilib.
Ahmet Ersin Tumlucalı'nın MOSSAD əməkdaşı "Jorg" kod adlı şəxs və daha sonra "Gavin Alfron" adlı digər agentlə əlaqə qurduğu, 2011-ci ildə Vyanada, 2017-ci ildə isə Münhendə onlarla görüşdüyü bildirilib.
2017-2019-cu illər arasında Vyana və Frankfurtda Gavin adlı agentlə yenidən görüşən Tumlucalı Gürcüstan, Almaniya və Livanda fəaliyyət göstərib. MOSSAD-ın Tumlucalıya 300 min avro ödədiyi də iddianamədə vurğulanıb.
Tumlucalı aldığı təlimat əsasında İstanbulda bir Yaxın Şərq vətəndaşını izləyərək foto-rapor hazırlayıb. Şübhəlilər yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Ayxan