Pakistanda fermerlər quraqlığa qarşı “buz stupaları” ilə mübarizə aparırlar
Pakistanda, dağlıq Gilgit-Baltıstan bölgəsinin kəndliləri quraqlıqla mübarizə üçün süni buzlaqlardan – “buz stupaları” adlandırılan buz qüllələrindən istifadə etməyə başlayıblar. Onlar formasına görə buddist məbədlərinə bənzədiyi üçün belə adlandırılıb.
32gun.az bildirir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi xəbər verib.
Qış aylarında dağ çaylarının suyu borular vasitəsilə havaya püskürdülür. Havanın temperaturu sıfırdan aşağı olduqda su damcıları donaraq konus şəkilli buz yığınlarına çevrilir. Yazda isə bu buz “stupalar” tədricən əriyərək təbii buzlaqların əriməsindən xeyli əvvəl tarlaları su ilə təmin edir.
Pakistanda ilk belə buz strukturları 7 il əvvəl yaradılıb. Hazırda 20-dən çox kənd bu üsuldan istifadə edir. BMT-nin məlumatına görə, bu üsul 16 min nəfəri su ilə təmin edib. Fermerlər artıq ildə bir yox, bir neçə məhsul götürə bildiklərini bildirirlər.
“Əvvəllər buzlaqların iyunda əriməsini gözləyirdik. İndi isə yazda artıq suyumuz var”, – deyə fermerlər vurğulayıblar.
Qeyd edək ki, Pakistan iqlim dəyişikliyinə qarşı ən həssas ölkələrdən biridir. Burada temperatur orta qlobal göstəricilərdən iki dəfə sürətlə artır. Ölkənin Karakorum silsiləsi istisna olmaqla, əksər buzlaqları sürətlə əriməkdədir. Buz stupaları yerli icmaların yeni şəraitə uyğunlaşmasının uğurlu nümunəsi hesab olunur.
Ayxan