Baltik dənizində kabel diversiyaları: Professor kabellərin qəsdən zədələndiyini iddia edir
Baltik dənizindəki enerji və rabitə kabellərinin zədələnməsi, çox güman ki, bilərəkdən həyata keçirilmiş sabotajın nəticəsidir. Onun sözlərinə görə, belə əməliyyatları çox ucuz xərc hesabına təşkil etmək mümkündür — məsələn, sadəcə bir gəmi kapitanını pul qarşılığında lövbər salmağa razı salmaq kifayətdir.
32gun.az xəbər verir ki, bu barədə Kopenhagen Universitetinin beynəlxalq münasibətlər üzrə professoru və dəniz təhlükəsizliyi eksperti Kristian Byuger "Politico" qəzetinə bildirib.
"Bu sadəcə kapitanın lövbər salması üçün pulla ələ alınması ola bilər", – deyə professor qeyd edib.
Byuger əlavə edib ki, zədələnmiş sualtı kabellərin bərpası çox çətindir, çünki belə təmir işlərini həyata keçirə biləcək gəmi sayı məhduddur. Eyni zamanda Baltik dənizinin nisbətən dayaz olması bu cür əməliyyatların həyata keçirilməsini asanlaşdırır.
Xatırladaq ki, 14 yanvar 2025-ci ildə Baltik dənizində Almaniya, Litva, Finlandiya və İsveç arasında uzanan sualtı kabeldə nasazlıq qeydə alınıb. İsveçin Mülki Müdafiə Nazirliyi hadisənin arxasında 160 kilometr aralıda lövbər salmış Çin gəmisinin ola biləcəyini ehtimal edib və onu bilərəkdən diversiya törətməkdə ittiham edib.
2024-cü ilin noyabr və dekabr aylarında da bir neçə optik kabelin qırılması barədə məlumatlar yayılmışdı. Əvvəlcə Finlandiya–Almaniya və İsveç–Litva arasındakı rabitə xətləri zədələnmişdi. Həmin hadisədə də Çinə məxsus Yi Peng 3 yük gəmisindən şübhələnilmişdi.
Bundan bir ay sonra Finlandiya ilə Estoniya arasında uzanan EstLink 2 elektrik kabeli və Finlandiyanı Estoniya və Almaniyaya birləşdirən dörd rabitə kabeli də sıradan çıxmışdı. Bu dəfə hadisədə Cənubi Cook Adaları bayrağı altında üzən Eagle S tankerindən şübhələnilmişdi. Finlandiya gömrüyü bu tankerin Rusiya enerji resurslarını daşıdığını bildirsə də, buna dair konkret sübutlar təqdim olunmayıb.
Ayxan