DÜNYA ÖZ XƏBƏR

Kanada Baş naziri: Trampın tarifləri ABŞ-ı resessiyaya sürükləyir

Kanadanın baş naziri Mark Karni ABŞ-da iqtisadi geriləmənin – resessiyanın ehtimalının əhəmiyyətli dərəcədə artdığını bildirib.

32gun.az bildirir ki, 7 aprel tarixində etdiyi çıxışda Karni bu vəziyyətin əsas səbəblərindən birinin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni ticarət tarifləri olduğunu qeyd edib.

"ABŞ-da resessiya ehtimalı ciddi şəkildə artıb. Bu, mənə heç bir sevinc gətirmir. Bu proses Kanada iqtisadiyyatı üçün də ciddi nəticələrə səbəb olacaq. Bundan yayınmaq bizim üçün çox çətindir", – deyə Karni vurğulayıb.

O, Kanadanın öz imkanları sayəsində ABŞ-ın yaratdığı itkilərdən daha çoxunu kompensasiya edə biləcəyini qeyd edib və bildirib ki, ABŞ bu addımlarla özü-özünü resessiyaya sürükləyir və eyni zamanda bütün dünyaya təzyiq göstərir.

Mark Karni Bank of Canada rəhbəri və maliyyə naziri ilə bazar vəziyyəti barədə müzakirələr apardığını da əlavə edib və hər iki rəsmiyə inamını ifadə edib.

Qeyd edək ki, Donald Tramp 2 aprel tarixində yeni ticarət tədbirləri çərçivəsində ABŞ-a gətirilən bütün məhsullara 10 faizlik əsas tarif tətbiq olunduğunu elan edib. Avropa məhsulları üçün bu göstərici 20 faiz, Çin məhsulları üçün isə 34 faiz təşkil edir. Tramp həmin günü “amerikalıların yenidən varlanacağı gün” adlandırıb.

3 aprel tarixində Karni cavab addımı olaraq ABŞ-dan idxal edilən və Şimali Amerika sərbəst ticarət sazişi USMCA-ya daxil olmayan avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. O, bu tariflərin Trampın birinci prezidentlik müddətində irəli sürdüyü ticarət razılaşmalarını birbaşa pozduğunu bildirib.

Ayxan 

Oxşar Xəbərlər