Nankin Aeronavtika və Astronavtika Universiteti ilə Çin Elmlər Akademiyasının Avtomatlaşdırma İnstitutunun alimləri canlı orqanizmi müasir texnologiyalarla birləşdirən yeni hibrid sistem – kiberquş (və ya robogüvən) təqdim ediblər.
32gun.az bildirir ki, tədqiqat Research jurnalında dərc olunub.
Bu sistem beyin-kompüter interfeysi (BCI) və mikroelektromexaniki sistemlər (MEMS) əsasında hazırlanıb. Quşun təbii uçuş və naviqasiya bacarığı ilə elektron komponentlərin dəqiqliyini birləşdirən tədqiqatçılar, bu texnologiyanın axtarış-xilasetmə, ekoloji monitorinq və milli təhlükəsizlik kimi sahələrdə istifadə edilə biləcəyini bildirirlər.
Əsas yenilik uçuş hündürlüyünün açıq havada dəqiq idarə olunmasıdır. Bunun üçün alimlər ilk dəfə olaraq real şəraitdə quş beyninə neyrostimulyasiya tətbiq ediblər. Sınaqlar göstərib ki, 60 Hz tezlik quşun yüksəlməsini, 80 Hz isə alçalmasını təmin edir, uçuş istiqaməti isə dəyişmir. Bu da hündürlüyə nəzarəti üfüqi naviqasiyadan asılı olmadan həyata keçirməyə imkan verir.
Tədqiqat sübut edib ki, neyrostimulyasiya vasitəsilə uçuş hündürlüyünü itkisiz və dəqiq şəkildə idarə etmək mümkündür. Bu texnologiya gələcəkdə yarıbioloji dronların yaradılmasına da ilham verə bilər. Belə sistemlər mühəndislik və biologiyanın sintezindən doğan yeni nəsil uçan qurğuların əsasını təşkil edə bilər.
Nilay