Vaşinqton Hindistanın zəngin təbii ehtiyatlarının, o cümlədən dənizdəki təbii qaz ehtiyatları və strateji mineralların araşdırılmasına yardım etmək niyyətindədir.
32gun.az bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Hindistana səfəri çərçivəsində bəyan edib.
“Biz Hindistana təbii resurslarını, o cümlədən dənizdəki təbii qaz və mühüm mineralları araşdırmaqda kömək etmək istəyirik”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, ABŞ-ın həm texniki imkanları, həm də istəyi mövcuddur.
Vitse-prezident qeyd edib ki, enerji sahəsində birgə istehsal iki ölkəyə xarici bazarlarda qeyri-qanuni rəqabətə qarşı birlikdə mübarizə aparmağa imkan verəcək. O əlavə edib ki, Hindistan ölkələr arasında enerji əlaqələrinin gücləndirilməsində mühüm rol oynaya bilər.
Vens, həmçinin, ABŞ-ın Hindistan bazarına çıxışına mane olan bəzi qeyri-tarif baryerlərinin aradan qaldırılması təklifini də irəli sürdüklərini bildirib.
Qeyd edək ki, Cey Di Vens 21 aprel tarixində Hindistana dörd günlük səfərə başlayıb.
Bundan öncə ABŞ Müdafiə Nazirliyində regional təhlükəsizlik məsələləri üzrə köməkçi vəzifəsini icra edən Con Nou bəyan etmişdi ki, ABŞ Çinlə mübarizə məqsədilə Hind-Sakit okean regionunda hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır.
Ayxan