Britaniyalı alimlərə görə, yalnız progesteron tərkibli kontraseptiv həblər qəbul edən qadınlarda astma tutmalarının tezliyi arta bilər. Bu nəticəyə London İmperial Kollecinin tədqiqatçıları gəliblər.
32gun.az bildirir ki, araşdırma ERJ Open Research jurnalında dərc olunub.
Mütəxəssislər 18–50 yaş arası 260 minə yaxın astma diaqnozu qoyulmuş qadının məlumatlarını təhlil ediblər. Yalnız progesteronlu dərmanlardan istifadə edən qadınlarda xəstəliyin kəskinləşməsi hallarının daha çox olduğu müəyyən olunub.
Bu risk xüsusilə 35 yaşdan aşağı qadınlar, eozinofilli astma forması olanlar və astmaya qarşı dərmanları az istifadə edənlər arasında müşahidə olunub. Estrogen və progesteron birləşməsindən ibarət kombinə olunmuş preparatlar qəbul edənlərdə isə belə bir əlaqə qeydə alınmayıb.
Araşdırmanın rəhbəri Xloe Blumun sözlərinə görə, qadınlar astmadan kişilərə nisbətən iki dəfə çox ölürlər və hormonların bu fərqdə mühüm rolu ola bilər. Bu nəticələr astmalı qadınlar üçün daha təhlükəsiz kontrasepsiya üsullarının seçilməsində həkimlərə yardımçı ola bilər.
Alimlər bildirirlər ki, nəticələr dərmanların qəbulu dayandırılmalı demək deyil, sadəcə fərdi yanaşmanın vacibliyini göstərir.
Nilay