ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə Ağ Evdə keçirdiyi görüş zamanı Rusiya Prezidenti Vladimir Putinlə silahların kosmosa yerləşdirilməsi məsələsini müzakirə etmədiklərini bildirib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu mövzuya “uyğun vaxtda” qayıdacağını vəd edib.
19 may Bazar ertəsi günü Tramp və Putin arasında telefon danışığı baş tutub və bu söhbət iki saatdan çox davam edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər söhbəti bitirmək istəməyiblər və telefonun dəstəyini qoymaqda tərəddüd ediblər.
Vladimir Putin danışığı “məzmunlu, səmimi və faydalı” adlandırıb. Moskva Kiyevlə sülh müqaviləsinin imzalanması üçün memorandum üzərində işə başlamağa razılaşıb və ABŞ-a “birbaşa danışıqların bərpasına dəstəyə görə” təşəkkür edib.
Telefon danışığından sonra Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə də əlaqə saxlayıb. Daha sonra Putinlə olan söhbətini şərh edən Tramp dialoqu “çox yaxşı”, tərəflər arasında “ton və ruhu” isə “mükəmməl” adlandırıb.
Ayxan