Sidikdə qan, yan və bel nahiyəsində küt ağrı – böyrək xərçəngi əlamətləri ola bilər
Böyrək xərçəngi ilə mübarizə üzrə Britaniya xeyriyyə təşkilatının baş direktoru Malkolm Parkerin sözlərinə görə, sidikdə qan izləri, yan və bel nahiyəsində hiss olunan küt və dartıcı ağrılar böyrək xərçənginin ilkin əlamətləri ola bilər.
32gun.az bildirir ki, onun fikirləri HuffPost nəşrində dərc olunub.
Parker bildirib ki, xüsusilə 50 yaşdan aşağı insanlar arasında böyrək xərçənginə yoluxma halları artmaqdadır. Lakin bir çox insan bu xəstəliyin simptomları barədə kifayət qədər məlumata sahib deyil. Araşdırmalara əsasən, 1970-ci illərdən bəri Böyük Britaniyada bu xəstəlikdən ölüm halları 73% artıb.
Xərçəngin ilkin əlaməti kimi Parker səbəbsiz şəkildə qabırğaların altı və ya onurğaya yaxın nahiyədə uzun müddət davam edən küt və ya dartıcı ağrıları qeyd edib.
Digər narahatedici simptom isə sidiyin rəngindəki dəyişiklikdir: sidikdə qan qarışığı səbəbindən o, çəhrayı, qırmızı və ya qəhvəyi rəng ala bilər. Bəzən bu dəyişiklik çox zəif olur, amma yenə də nəzərdən qaçırılmamalıdır.
Parker əlavə edib ki, bəzi hallarda böyrək nahiyəsində bərkimiş şiş və ya düyün hiss oluna bilər. Lakin bu simptom adətən digər tibbi müayinələr zamanı təsadüfən aşkar edilir. Bundan əlavə, bəzi xəstələrdə heç bir pəhriz və ya həyat tərzi dəyişikliyi olmadan qəfil arıqlama müşahidə olunur.
Nilay