İngiltərədə 36 gün ərzində itkin düşən və adaya üzərək keçdiyi məlum olan bir it yenidən evinə qayıdıb.
32gun.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Əslən Qətərdən olan və xeyriyyə təşkilatı vasitəsilə İngiltərəyə gətirilən Embr adlı it, Bramşou bölgəsindəki bir ailəyə verildikdən yalnız bir gün sonra evdən qaçıb. 25 aprel tarixində başlayan təkbaşına səfərində Embr təxminən 161 kilometr məsafə qət edib.
Onu dəfələrlə Hampshire və Dorset qraflıqlarında görüblər, lakin tutmaq mümkün olmayıb. Daha sonra məlum olub ki, it La-Manş boğazının sahilinə yaxın yerləşən Braunsi adasına keçib. Orada yaşayan azsaylı insanlardan biri onu yemləyib. Embr isə daha sonra adadan üzərək geri dönüb.
Poul körfəzində iki kişi onu sudan xilas edərək itlərin axtarışı ilə məşğul olan xilasetmə xidmətinə xəbər veriblər.
İtin qəyyumu Cess Uodsfort bildirib: “Mən bu qədər məsafə qaçıb sağ qalan heç bir itlə rastlaşmamışam.”
Hazırda Embrin vəziyyəti yaxşıdır və qəyyumlarının sözlərinə görə, onun yenidən qaçması ehtimalı çox azdır.
Nilay