DİGƏR ÖZ XƏBƏR

Obezlik və xərçəng - Təkcə çəki yox, yağın harada toplandığı da önəmlidir

 Obezlik uzun müddətdir ki, bir sıra onkoloji xəstəliklərin risk faktoru kimi tanınır. Lakin Böyük Britaniya alimlərinin apardığı yeni araşdırma göstərib ki, riskə yalnız bədənin ümumi çəkisi deyil, həm də yağın harada toplandığı təsir edir.

32vun.az xəbər verir ki, tədqiqatın nəticələri Journal of the National Cancer Institute (JNCI) jurnalında dərc olunub.

Mütəxəssislər piylərin paylanması ilə obezliklə bağlı 12 növ xərçəngin – yoğun bağırsaq, mədəaltı vəzi, süd vəzi və endometrium şişləri daxil olmaqla – əlaqəsini araşdırıblar.

Alimlər mendelyevski randomizasiya metodundan istifadə ediblər. Bu üsul genetik variasiyaları və böyük tibbi məlumat bazalarını təhlil etməyə imkan verir və beləliklə, bədən quruluşunun onkoloji risklərə necə təsir etdiyini anlamağa kömək edir.

Nəticələr göstərib ki, piyin paylanması doğrudan da xərçəng riskinə təsir edir, amma müxtəlif şişlərdə fərqli şəkildə. Bəzi hallarda əsas göstərici yağ toxumasının ümumi həcmi, digərlərində isə onun bədəndə yerləşmə yeri olub. Elə xərçəng növləri də var ki, həm çəki, həm də piyin lokalizasiyası eyni vaxtda önəm daşıyır. Bundan əlavə, “təhlükəli yağ zonaları” müxtəlif şişlərdə bir-birindən fərqlənir.

Araşdırmanın müəllifi Emma Heyzelvud bildirib:
“Bizim nəticələr göstərir ki, bədən kütlə indeksi, hərçənd ümumi tendensiyaların izlənməsi üçün faydalıdır, fərdi risklərin diaqnostikası üçün yetərli deyil. Obezlik fonunda xərçəngin qarşısının alınması üçün universal yanaşma mövcud deyil – fərdiləşdirilmiş yanaşma vacibdir”.

Tədqiqatçılar hesab edir ki, gələcəkdə yağın hansı hissələrinin müxtəlif şişlərin inkişafına səbəb olduğunu anlamaq, risk qruplarını daha dəqiq müəyyənləşdirməyə və obezliyin profilaktika, eləcə də müalicə üsullarını təkmilləşdirməyə kömək edəcək.

Heyzelvud əlavə edib:
“Əsas məsələ bu əlaqələrin bioloji mexanizmlərini anlamaq və onlara pəhriz, həyat tərzi və yeni dərman yanaşmalarının necə təsir etdiyini öyrənməkdir”.

Nilay

Oxşar Xəbərlər