Yer üzündə həyatın məhz bizim planetdə deyil, Marsda yaranaraq meteoritlər vasitəsilə Yerə daşınmış ola biləcəyi ehtimal edilir. Alimlər bu qənaətə Günəş sisteminin erkən tarixi, qədim Marsdakı şərait və Yer üzündə ilk canlıların meydana çıxma vaxtı ilə bağlı məlumatları təhlil edərkən gəliblər.
32gun.az bildirir ki, bu barədə The Conversation portalı yazır.
Tədqiqatlara görə, Mars təxminən 4,6 milyard il, Yer isə 4,54 milyard il əvvəl formalaşıb. İlk yüz milyon illik dövrdə hər iki planet son dərəcə isti olub, daha sonra isə tədricən soyumağa başlayıb. Müasir elmi baxışlara əsasən, erkən Marsda sıx atmosfer və maye su — çaylar, göllər və ehtimal ki, okeanlar mövcud olub. Bu isə onu həyatın yaranması üçün erkən Yer qədər əlverişli edirdi.
Yer üzündə vəziyyət isə 4,51 milyard il əvvəl protplanet Teya ilə baş verən nəhəng toqquşma ilə mürəkkəbləşib. Məhz bu hadisə nəticəsində Ay formalaşıb. Alimlərin fikrincə, həmin toqquşma Yer səthini tamamilə əridib və əgər o vaxta qədər həyat mövcud idisə, onun sağ qalması demək olar ki, mümkün olmayıb. Mars isə belə qlobal fəlakətlərlə üzləşmədiyindən, ehtimal edilən erkən həyat orada daha fasiləsiz inkişaf edə bilərdi.
Mars mənşəli həyat hipotezinə maraq bütün canlıların son universal ümumi əcdadı hesab edilən LUCA-nın yaşının yenidən qiymətləndirilməsindən sonra daha da artıb. Rekonstruksiyalara görə, LUCA təxminən 4,2 milyard il əvvəl mövcud olub — yəni Ayın yaranmasından cəmi 290 milyon il sonra. Bu isə həyatın Yer üzündə olduqca qısa geoloji müddətdə yaranıb mürəkkəbləşdiyini göstərir.
“Mars hipotezi”nin tərəfdarları hesab edirlər ki, mikroorqanizmlər Mars səthindən qoparaq kosmosa atılan meteoritlərin içində Yerə düşə və burada şərait əlverişli olduqda məskunlaşa biliblər. Lakin bu ssenariyə görə həyat bir neçə ekstremal mərhələni eyni anda keçməli idi: güclü zərbə, kosmosa çıxış, uzunmüddətli radiasiya təsiri, daha sonra isə Yer atmosferinə daxil olma və səthə düşmə.
LUCA-nın genetik xüsusiyyətləri onun hidrotermal mənbələr kimi isti və aqressiv mühitlərə uyğunlaşdığını göstərir. Ancaq kosmos şəraitinə uyğunlaşmanı təsdiqləyən əlamətlər aşkar edilməyib. Eksperimentlər və modellər göstərir ki, planetlərarası məkanda yalnız son dərəcə davamlı, məsələn, spor əmələ gətirən mikroorqanizmlər yaşaya bilər və bu da ancaq böyük meteoritin daxilində qorunma şəraitində mümkündür.
Mütəxəssislərin böyük əksəriyyəti hesab edir ki, Marsdan Yerə həyatın daşınması ideyası fizika və kimya qanunlarına zidd olmasa da, Yer üzündə həyatın müstəqil şəkildə yaranması ehtimalı daha yüksəkdir. Onların fikrincə, bir neçə yüz milyon il erkən Yer şəraitində mürəkkəb kimyəvi proseslərin ilk canlı sistemlərin formalaşması üçün kifayət qədər uzun müddətdir.
Ayaz