Keçmiş Yunanıstan iqtisadiyyat naziri: “Texnoloji korporasiyalar insanların davranışına nəzarət üçün yaradılıb”
Keçmiş Yunanıstan iqtisadiyyat naziri Yanis Varufakis hesab edir ki, iri biznesmenlər tərəfindən yaradılan texnoloji korporasiyalar insanların davranışlarını dəyişdirmək, onları idarə etmək məqsədi daşıyır.
32gun.az xəbər verir ki, BBC Newsnight verilişinə müsahibəsində Varufakis bildirib:
“Biz artıq davranış modifikasiyası vasitələri yaradırıq. Fikirlərimiz bizdən öyrənən və bizi öyrədən maşınlar tərəfindən formalaşır. Onlar bizi öyrənir və birbaşa şəkildə təsir göstərə bilirlər.”
Onun sözlərinə görə, milyarderlər — Meta şirkətinin həmtəsisçisi Mark Zukerberq, SpaceXin sahibi İlon Mask və Amazonun sahibi Ceff Bezos — texnologiya sayəsində böyük gücə sahibdirlər.
Qeyd edək ki, avqustun 21-də The Wall Street Journal yazmışdı ki, Meta Platforms süni intellekt sahəsində aparıcı mütəxəssislərin işə qəbulunu müvəqqəti dayandırıb. Şirkət bu qərarı yüksək xərcli kadrların cəlbi kampaniyasından sonra büdcə və təşkilati planlaşdırmanın yenidən nəzərdən keçirilməsi zərurəti ilə izah edib.