SOSIAL ÖZ XƏBƏR

Deputatın şirkəti  ilə bağlı çoxsaylı şikayətlər

Sosial şəbəkələrdə “Madeyra” mebel mağazası ilə bağlı çoxsaylı narazılıqlar paylaşılıb. İstifadəçilər şirkətin xidmət keyfiyyətindən, müştəri ilə davranışından və problemlərin həllində qeyri-peşəkar yanaşmadan şikayət edirlər.

32gun.az bildirir ki, İlk şikayəti Tural Hüseynov paylaşıb. Onun sözlərinə görə, bir həftə əvvəl aldığı uşaq mebel dəsti natamam şəkildə çatdırılıb:

“Aldığım gün mebelləri gətirdilər, usta da gəlib quraşdırmağa başladı. Quraşdırma zamanı məlum oldu ki, iki dəst əksik gəlib. Usta dedi, ‘əksik hissələr gələndə gəlib tamamlayaram’. Bir həftədir mağazaya müraciət edirəm, ‘anbar sayımına görə bağlanıb, mal çıxara bilmirik’ deyirlər. Mən soruşuram, bu mənim problemimdir? Qaynar xəttə yönləndirirlər, orada isə deyirlər, ‘biz kömək edə bilmirik, mağazaya yaxınlaşın’. Toy ərəfəsindəyəm, sabah gəlin gələcək, taxt yoxdu — bəs gəlin harada yatacaq?”

Digər vətəndaş Gülnar Abdullazadə də şirkətin xidmətindən narazıdır. Onun sözlərinə görə, qızına alınan matras qüsurlu olub, zəmanət olsa da, uzun müddət dəyişdirilməyib:

“Matrasda problem çıxdı, zəmanətimiz var idi, amma dəfələrlə müraciətimizə baxmayıb dəyişmədilər. Servisdən 2-3 dəfə baxışa gəldilər, dedilər ‘dəyişilməlidir’, amma mağaza ‘yox, qaydasındadır’ cavabını verdi. Yalnız Antiinhisara şikayət edəcəyimizi və mətbuata çıxaracağımızı deyəndən sonra ertəsi gün dəyişdilər. Bu ölkədə istehlakçı hüququnu yalnız bu formada qoruya bilir.”

Aymira adlı digər müştəri isə bildirir ki, aldığı şkafın güzgüsü öz-özünə qoparaq sınıb, lakin bu halda servis qısa müddətdə problemi həll edib:

“Güzgü qopub düşdü, mağazaya dedim, servis baxdı, şəkilləri göndərdim, iki günə yeni güzgülü qapı gətirib düzəltdilər.”

Günay Osman Nəcəfova isə “Madeyra”nın Neftçilər filialını “çox qeyri-peşəkar” adlandırıb:

“Bacımın cehizlik mebelini qırıq və səhv formada gətirdilər, dəyişmək istəmirdilər. Güc-bəla ilə düzəltdilər, amma defektli stolu yenə dəyişmədilər. Əsəblərimizi pozdular, haram xoşları olsun.”

İstehlakçılar isə hesab edir ki, bu qədər böyük və tanınmış şirkətin müştəri xidmətləri səviyyəsi markanın reputasiyasına uyğun deyil və problemlərin ədalətli, operativ həlli təmin edilməlidir.

Qeyd edək ki, "Madeyra" brendi Embawood şirkətinə aiddir. "Embawood Azərbaycan"da fəaliyyət göstərən ən tanınmış mebel istehsalçılarından biridir və Madeyra onun beş brendindən biridir.

Deputat Məşhur Məmmədov "Embawood" şirkətinin təsisçisidir. Şirkətin əsası 1996-cı ildə Masallıda Məşhur Məmmədov tərəfindən qoyulub, hazırda şirkətə Elşad Abbasov adlı sahibkar rəhbərlik edir.

2010-cu ildən şirkət ikinci ev mebeli brendi – “Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağaza fəaliyyət göstərir.

Biznesmen, deputat kimi tanınan Məşhur Məmmədovun təsisçisi olduğu “Embawood”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur.

Nilay

Oxşar Xəbərlər