ABŞ Konqres üzvü Anna Paulina Luna Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBFİ) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə görüşünün məhsuldar keçdiyini bildirib.
32gun.az xəbər et verir ki, o “RİA Novosti”yə açıqlamasında deyib.
“Bu həftəsonu mən Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə görüşdüm ki, prezident Trampın Ukraynada müharibənin dayandırılması istiqamətindəki səylərini dəstəkləyim. Konqresdəki ‘müharibə qızışdıranlar’ın və Avropa İttifaqında xaosdan mənfəət götürən bürokratların məyusluğuna baxmayaraq, danışıqlarımız səmərəli keçdi”, – Luna qeyd edib.
Onun sözlərinə görə, tərəflər iki ölkə arasında sülh, ticarət və qarşılıqlı hörmət kimi ortaq dəyərlər və maraqlara əsaslanan mövqelərdə yaxınlıq tapıblar.
Qeyd edək ki, 24 oktyabrda ABŞ-ın Rusiya ilə bağlı yeni sanksiyalar tətbiq etməsindən sonra Kirill Dmitriyev ABŞ-a səfər edib. O, Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşmək məqsədilə Vaşinqtona yollanıb.
RBFİ rəhbərinin sözlərinə görə, bu səfər iki dövlət arasında dialoqun davamı üçün mühüm əhəmiyyət daşıyır və “Rusiyanın mövqeyinin tam anlaşılması və milli maraqlarına hörmət əsasında davam etməlidir”. Vurğulanıb ki, bu görüş çoxdan planlaşdırılıb və ABŞ tərəfinin dəvəti ilə baş tutub.
Nilay