Samara vilayətinin Kinel rayonunun rəhbəri Yuri Jidkov öz ərizəsi ilə vəzifəsindən istefa verib.
32gun.az xəbər verir ki, bu barədə məlumat rayonun rəsmi internet səhifəsində yayımlanıb.
Bildirilib ki, səlahiyyətlərin vaxtından əvvəl dayandırılması haqqında qərar rayon nümayəndələrinin iclasında qəbul edilib. İstefa 5 noyabr 2025-ci ildən etibarən qüvvəyə minib.
Xatırladaq ki, 14 oktyabrda Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev işgüzar səfər çərçivəsində Kinel rayonunda olmuşdu. Səfər zamanı o, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş memorial daşla bağlı sualı cavablandıran rayon rəhbərinin mövqeyinə sərt reaksiya göstərərək, Yuri Jidkovu vəzifəsindən azad etdiyini bildirmişdi. Qubernatorun həmin an qeyri-parlament ifadələr işlətdiyi də qeyd olunub.
Daha sonra Fedorişev Jidkovun vəzifədən azad olunmasını “qəhrəmanların xatirəsinə hörmətsiz yanaşma” ilə izah edib. Yuri Jidkov isə baş verənləri “anlaşılmazlıq” kimi qiymətləndirib.
Hadisədən bir gün sonra Jidkov təcili olaraq kardiologiya şöbəsinə yerləşdirilib, onda hipertonik kriz diaqnozu qoyulub. Bir müddət müalicədən sonra o, xəstəxanadan evə buraxılıb.
Nilay