Malyaziya alimləri sübut ediblər ki, yataq böcəyi Cimex hemipterus cinayət istintaqında dəyərli genetik məlumat mənbəyi ola bilər.
32gun.az xəbər verir ki, tədqiqat Scientific Reports jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, bu tropik böcək insanın DNT-sini dişləmədən sonra 45 günədək saxlayır. Bu, cinayət yerində bioloji izləri təhlil etmək üçün yeni imkanlar açır: böcəyin mədəsindəki DNT analizi vasitəsilə şəxsin cinsi, göz, saç və dəri rəngini müəyyən etmək mümkündür.
Entomoloq Abdul Hafiz Ab Madjid qeyd edir:
"Böcəkləri 'yorğan altı düşməni' adlandırırıq, amma onlar həm də cinayətləri açmağa kömək edən casuslar ola bilərlər."
Tədqiqat 5 il davam edib. Laboratoriyada 23–24 dərəcə temperaturda böcəklər kiçik miqdarda qan (1,5–5,3 mikrolitr) ilə qidalandırılıb. Sonra DNT STR və SNP markerləri vasitəsilə analiz olunub. Nəticələr göstərib ki, dişləmədən 45 gün sonra belə insanın fenotipi və əsas xarici xüsusiyyətləri müəyyən etmək mümkündür.
Hafiz əlavə edir ki, böcəklərin komar və milçəklərə nisbətən üstünlüyü odur ki, onlar uçmur və qidalandığı yerdən 6 metrdən çox uzağa getmirlər. Bu isə cinayət təhlilinin dəqiqliyini artırır və “yalan iz” riskini azaldır.
Böcəklər, xüsusilə cinayət yerində cinayətkar bioloji izləri məhv etdikdə, istintaqa kömək edə bilər. Onlar tez-tez mebelin qıvrımlarında, döşək tikələrində və yastıq üzlükləri altında gizlənir və genetik məlumatı daşıyır.
Tədqiqatçılardan Lim Li özü könüllü olaraq böcəklərin “donoru” olub və qeyd edib ki, bu böcəklər xəstəlik daşıyıcıları deyillər, dişləmələri isə yalnız şiddətli qaşınma yaradır.
Alimlər vurğulayırlar ki, metodun məhdudiyyətləri mövcuddur: DNT yalnız 1,5 ayadək saxlanır və böcəklər yalnız həqiqətən cinayət yerində olduqda istifadə oluna bilər. Hafiz yekun olaraq deyib:
"Bu universal həll yolu deyil, amma hadisədən ilk günlərdə və həftələrdə istintaqa kömək edə biləcək yeni bir alətdir."
Ayaz