İnsult riskini 61% artıran gözlənilməz amil müəyyən edilib
Kanada və ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, uşaq yaşlarında valideynlərinin boşanmasına şahid olan insanlarda qocalıq dövründə insult ehtimalı əhəmiyyətli dərəcədə artır — hətta uşaqlıqda fiziki və ya seksual zorakılıq yaşanmasa belə.
32gun.az bildirir ki, araşdırma PLOS One jurnalında dərc olunub.
İnsult ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Siroz, diabet və yüksək qan təzyiqi kimi tanınmış risk amillərinə əlavə olaraq, alimlər getdikcə daha çox erkən uşaqlıq dövrünün hadisələrinə diqqət yetirirlər. Bu cür mənfi faktorlar sırasında zorakılıq, laqeydlik və ailə münaqişələri var. Lakin uzun müddət boşanma daha ağır travmalarla bir sırada qiymətləndirildiyi üçün onun təsiri ayrıca öyrənilməmişdi.
Tədqiqatçılar — Tindeyl Universitetindən Meri Keyt Şilke, Arlington Texas Universitetindən Filip Bayden və Toronto Universitetindən Esme Fuller-Tomson — daha dəqiq analiz aparıblar.
Onlar ABŞ Xəstəliklərin İdarə olunması və Profilaktikası Mərkəzlərinin 2022-ci il sorğusu olan Behavioral Risk Factor Surveillance System-in məlumatlarından istifadə ediblər. Alimlər səkkiz ştatdan 65 yaşdan yuxarı 13 205 respondentin cavablarını təhlil ediblər. Uşaqlıq dövründə fiziki və ya seksual zorakılığa məruz qaldığını bildirən şəxslər seçmə siyahısından çıxarılıb ki, yalnız boşanmanın təsiri araşdırılsın.
Statistik analiz göstərib ki, valideynlərinin boşanmasını yaşayanlarda insult riski 61% daha yüksək olur. Bu göstərici bəzi tibbi risk faktorları ilə müqayisə edilə bilər: məsələn, diabet insult riskini 37%, depressiya isə 76% artırır. Risk həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə müşahidə olunub.
Alimlər bunun mümkün izahlarını da təqdim edirlər. Əsas səbəblərdən biri valideynlərin boşanması zamanı yaranan xroniki stressdir. Ailə daxilində münaqişələr, iqtisadi çətinliklər və sosial təcrid kimi faktorlar uşaqlıqda stress sisteminin fəaliyyətini poza bilər. Bu sistemin uzunmüddətli aktivləşməsi onilliklər sonra ürək-damar xəstəlikləri riskini artırır.
Ayaz