"Photoshop" və digər "Adobe" alətləri indi ChatGPT-də mövcuddur
Adobe şirkəti Photoshop, Acrobat və Adobe Express alətlərinin bir hissəsini artıq ChatGPT-yə inteqrasiya etdiyini açıqlayıb.
32gun.az xəbər verir ki, Şirkətin saytında yer alan məlumata görə, yenilik ödənişli abunəliyi olmayan istifadəçilər də daxil olmaqla hər kəs üçün əlçatandır.
İnteqrasiya sayəsində istifadəçilər ChatGPT daxilində bir sıra funksiyalardan yararlana bilirlər. Belə ki, Photoshop vasitəsilə fotoları birbaşa söhbət pəncərəsinə yükləmək, təklif olunan variantlarla və ya əl ilə tənzimləmə slayderləri vasitəsilə redaktə etmək, daha sonra faylı saxlamaq və ya detalı işlənməsi üçün tam Photoshop tətbiqinə göndərmək mümkündür.
Acrobat ChatGPT vasitəsilə PDF-lərlə işləmə imkanı yaradır: sənədlərin redaktəsi, bir neçə PDF-in birləşdirilməsi, mətnin məzmun əsasında avtomatik yaradılması və formatlanmış şəkildə PDF kimi saxlanması bu funksiyalara daxildir.
Adobe Express isə posterlər, üzlüklər və digər qrafik materialların hazırlanmasını mümkün edir. İstifadəçi şablon seçir və dəyişiklikləri qeyd edir — bütün proses birbaşa chat daxilində həyata keçirilir.
İnteqrasiyalardan istifadə üçün müəyyən addımlar tələb olunur: Photoshop üçün istifadə qaydalarına razılıq vermək, Acrobat və Express üçün isə Adobe hesabına giriş etmək kifayətdir. Funksiyalar ChatGPT-nin veb versiyasında, eləcə də iOS və macOS tətbiqlərində aktivdir. Android istifadəçiləri hazırda yalnız Adobe Express-dən yararlana bilirlər; Acrobat və Photoshop dəstəyi isə daha sonra əlavə olunacaq.
Nilay