ÖZ XƏBƏR

Vəzifədən yox, ürəkdən gələn baxış - Gözlərinin içinə baxmaq

Bildiyiniz kimi, dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyinin 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət ediblər. Ziyarət zamanı müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili, uşaqlar üçün yaradılan şərait və aparılan yenilənmə işləri ilə tanışlıq olub.

Bir jurnalist, bir ana olaraq mənim diqqətimi çəkən məqam isə rəsmi çərçivədən kənarda qalan,  çox dəyərli olan  münasibətlər oldu. Bəzən statistik göstəricilərdən, hesabatlardan daha çox bir baxış, bir toxunuş, bir səmimi münasibət insanın yaddaşında qalır. Hələ bu baxışlar uşağadırsa...

Ən diqqətimi çəkən, maraqlı və eyni zamanda təsirli an isə Leyla Əliyevanın uşaqlara ana sevgisi və xüsusi qayğı ilə yanaşmasıdır. Bu fotolardan da aydın görünür ki, L.Əliyeva uşaqlarla ünsiyyətdə olduqca səmimi, mehriban və doğmadır. Onun uşaqlarla diz-dizə oturması, onların əllərindən tutması, baxışlarında hiss olunan istilik təsadüfi deyil.

Əlbəttə, bu ilk layihə də deyil. Leyla Əliyeva uzun illərdir ki, uşaqlara, xüsusilə də xüsusi diqqət və qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsinə xüsusi önəm verir. O, daim bu sahədə müxtəlif layihələr həyata keçirir, sosial təşəbbüslərə rəhbərlik edir və görülən işləri özü yaxından təqib edir.

Onun fəaliyyəti yalnız rəsmi ziyarətlər və tədbirlərlə məhdudlaşmır. Leyla xanım hər zaman uşaqların daxili dünyasına toxunmağa, onları dinləməyə və ruhlandırmağa çalışır. Bu da onu göstərir ki, sevgi və qayğı nə vəzifə tanıyır, nə də məşhurluq.

Səmimi münasibət və insanlıq dəyərləri hər şeydən üstün və dəyərlidir.

Leyla xanım Əliyevanın bu addımları təbii ki, sadəcə iş və ya vəzifə borcu deyil. Bu, daha çox bir böyük bacının, bir ananın, sevgi və qayğı dolu ürəyinin təzahürüdür. Məhz bu səmimiyyət və insani yanaşma onun gördüyü işləri daha mənalı və yadda qalan edir.

Bu qayğı və səmimi sevgi üçün minnətdarıq Leyla xanım!

Aygün İlqarqızı/ 32gun.az Xəbər Portalının baş redaktoru 

Oxşar Xəbərlər