Uşaqlar üçün kitab seçimi: Yaşa görə yanaşma, fayda və risklər
Mütəxəssislər bildirir ki, uşaqların intellektual, emosional və psixoloji inkişafında kitab oxuma vərdişi mühüm rol oynayır. Lakin kitabın mövzusu və həcmi uşağın yaşına uyğun seçilmədikdə fayda əvəzinə zərər verə bilər.
32gun.az bu barədə qısa araşdırma edib:
Yaş aralığına görə tövsiyə olunan kitablar
0–3 yaş
Bu yaş dövründə şəkilli, iri yazılı, az mətnli kitablar tövsiyə olunur. Rənglər, heyvan fiqurları və sadə sözlər uşağın diqqətini cəmləməyə kömək edir.
4–6 yaş
Qısa nağıllar, sadə süjetli hekayələr və əxlaqi mesaj daşıyan kitablar bu mərhələdə daha uyğundur. Fantaziya elementləri uşağın xəyal gücünü inkişaf etdirir.
7–10 yaş
Macəra, dostluq, ailə dəyərləri mövzusunda kitablar oxu bacarığını möhkəmləndirir. Bu yaşda uşaqlar artıq mətnləri müstəqil qavramağa başlayır.
11–15 yaş
Tarixi hekayələr, elmi-populyar kitablar və psixoloji mövzular maraq doğurur. Yeniyetmələrin dünyagörüşünün formalaşmasında bu mərhələ həlledici sayılır.
Kitab oxumağın xeyri və mümkün zərərləri - Gündə neçə vərəq oxumaq məsləhətdir?
Pedaqoqların fikrincə, mütəmadi kitab oxuyan uşaqlarda nitq bacarığı, məntiqi düşüncə və empati hissi daha sürətlə inkişaf edir. Lakin yaşa uyğun olmayan, zorakılıq və ya ağır psixoloji mövzular daşıyan kitablar uşaqlarda qorxu və aqressiya yarada bilər.
Uşaq psixoloqu Elvan Quliyevi 32gun.az-a deyir ki, “valideyn nəzarəti olmadan seçilən kitab uşağın psixikasına mənfi təsir göstərə bilər. Kitab faydalıdır, amma düzgün dozada və düzgün mövzuda olduqda”.
"Kitab uşağın dünyagörüşünü formalaşdıran ən güclü vasitələrdən biridir. Lakin hər kitab hər yaş üçün uyğun deyil. Məsələn, 6 yaşlı uşaq üçün nəzərdə tutulmuş qətl və zorakılıq motivləri ilə dolu hekayələr onun psixikasında qorxu və etibarsızlıq hissi yarada bilər. Eyni zamanda, həddindən artıq uzun və mürəkkəb mətnlər uşağı yoraraq kitaba qarşı marağı itirə bilər. Valideynlər və müəllimlər bu prosesi diqqətlə izləməli, uşağın oxuduğu kitablar barədə onunla söhbət etməli, suallarını cavablandırmalıdır. Uşağın maraqlarına uyğun kitab seçimi onu həm oxumağa həvəsləndirir, həm də əqli və emosional inkişafını dəstəkləyir".
Mütəxəssislər yaşa görə oxu həcminin dəyişməli olduğunu vurğulayır:
4–6 yaş: gündə 5–10 vərəq
7–10 yaş: gündə 10–20 vərəq
11–15 yaş: gündə 20–30 vərəq
Oxu prosesi məcburi deyil, maraq üzərində qurulmalıdır. Əks halda uşaqda kitaba qarşı soyuqluq yarana bilər.
Valideynlər üçün tövsiyələr
Ekspertlər valideynlərə uşaqlarla birgə kitab seçməyi, oxuduqları mövzuları müzakirə etməyi və oxunu gündəlik vərdişə çevirməyi tövsiyə edirlər. Bu yanaşma həm ailədaxili ünsiyyəti gücləndirir, həm də uşağın sağlam inkişafına töhfə verir.
Nilay