Samara vilayətində müəssisələrə PUA hücumu
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk və Tolyatti şəhərlərindəki sənaye müəssisələrinə hücum edib.
32gun.az bildirir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışev “VKontakte” sosial şəbəkəsində məlumat verib.
Qubernatorun sözlərinə görə, hücum bu gün səhər saatlarında baş verib. “Düşmən PUA-larının Novokuybışevsk və Tolyatti müəssisələrinə hücumu qeydə alınıb. Zərbələr dəf edilib, xəsarət alan yoxdur”, – deyə Fedorışev bildirib.
PUA qalıqlarının düşdüyü ərazilərdə operativ xidmətlər fəaliyyət göstərir. Təhlükəsizlik məqsədilə Samara vilayətində hava məkanı bağlanıb və “kover” rejimi tətbiq olunub.
Bundan əlavə, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə Tolyatti şəhərinin yan keçid yolunda hərəkət müvəqqəti məhdudlaşdırılıb.
Eyni zamanda, Rostov vilayətinin qubernatoru Yuri Slyusar səhər saatlarında Rostov-na-Donuda PUA hücumu nəticəsində yüksək gərginlikli elektrik xəttinin qırıldığını bildirib. Hadisə nəticəsində yaşayış evləri və sənaye obyektləri elektrik enerjisiz qalıb.
Ayaz