ÖZ XƏBƏR

Alimlər oriqami kimi qatlanan unikal heyvan aşkar ediblər

Yer üzündəki ən primitiv çoxhüceyrəli canlılardan biri olan plakozoyun tədqiqi zamanı beynəlxalq alimlər qrupu təbiətdə əvvəllər məlum olmayan toxuma qatlanma mexanizmi aşkar edib. Beyni və sinir sistemi olmayan bu yastı canlı mürəkkəb formalara düşə bilir, sanki “canlı oriqami”ni xatırladır və erkən heyvanlarda toxuma memarlığının mənşəyinə yeni baxış təqdim edir.

32gun.az bildirir ki, tədqiqat Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Araşdırmanın obyekti Qırmızı dənizdə yaşayan plakozoylar olub. Mikroskopik ölçüyə malik bu canlılar cəmi nazik hüceyrə qatından ibarətdir və heyvan aləminin ən sadə formalarından sayılır. Buna baxmayaraq, onlar formalarını aktiv şəkildə dəyişə — bükülə, əyilə və yenidən açılıb düzələ bilirlər.
Alimlər müəyyən ediblər ki, bu prosesdə əsas rolu hüceyrələrin səthində yerləşən xırda tükcüklər — resniçkələr oynayır. İndiyədək resniçkələr əsasən hərəkət və ya hissiyyat orqanları kimi tanınırdı. Yeni tədqiqat isə göstərib ki, plakozoylarda bu strukturlar səth boyunca sözün əsl mənasında “addımlayaraq” toxumanı formalaşdıran və yenidən quran mexaniki qüvvələr yaradır.
Beləliklə, mürəkkəb bədən formaları mərkəzləşdirilmiş idarəetmə hesabına deyil, hüceyrələr və onların resniçkələri arasında lokal qarşılıqlı təsirlər nəticəsində meydana çıxır. Tədqiqat müəlliflərinin sözlərinə görə, qatlanma qabiliyyəti elə hüceyrə qatının öz strukturunda “kodlaşdırılıb”.
Alimlər bu mexanizmi bədən formasının yaranmasının ən qədim strategiyalarından biri kimi qiymətləndirirlər. Onların fikrincə, bu proses yüz milyonlarla il əvvəl — sinir sisteminin meydana çıxmasından xeyli öncə mövcud olub. Oriqami prinsiplərindən ilhamlanan tədqiqatçılar hesab edirlər ki, mürəkkəb toxumaların təkamülü hüceyrə qatlarının sadə fiziki qatlanma qaydalarından başlaya bilərdi.
Əldə olunan nəticələr təkcə təkamül biologiyası üçün deyil, ümumilikdə canlıların inkişaf mexanizmlərinin anlaşılması baxımından da mühüm əhəmiyyət daşıyır. Toxumaların qatlanması embrionda orqanların formalaşmasından tutmuş insan beyninin qabığındakı bükülü struktura qədər bir çox bioloji prosesin əsasını təşkil edir. Yeni kəşf bu mexanizmlərin həyatın ən erkən mərhələlərində necə yarandığını və işlədiyini daha yaxşı anlamağa imkan verəcək.

Nilay 

Oxşar Xəbərlər