ADSEA bu şirkətdən 108 min manatlıq mal-material alacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyəti rejim-müşahidə quyularının cari təmiri üçün mal-materialların satın alınması üzrə “BAK ODESS” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.
32gun.az xəbər verir ki, müqavilənin dəyəri 108.560 AZN təşkil edir.
Satınalma çərçivəsində polietilen su boruları, muftalar, plasmas qapaqlar, xəbərdaredici lövhələr, taxta materiallar, boru qaynaq aparatı və plastik boru birləşdirən ütülər daxil olmaqla geniş çeşiddə mal-material təmin ediləcək. Məhsullar yüksək standartlara uyğun, uzunömürlü və UV şüalarına davamlı olmalıdır.
Maraqlıdır ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 20 manat, qanuni təmsilçisi isə Vüsal Adısoy Azatxan oğludur. Yəni dövlət orqanı su ehtiyatlarının idarə olunması üçün həddindən artıq böyük məbləği cəmi 20 manat kapitalı olan şirkətə həvalə edir, bu isə ictimai vəsaitin idarə olunmasında ciddi suallar doğurur.
Tenderin nəticəsi su quyularının fasiləsiz fəaliyyəti məqsədi daşısa da, belə maliyyə həcmində satınalmanın şəffaflığı və məqsədəuyğunluğu ciddi şəkildə diqqət mərkəzindədir.
Ayaz