"Azercell" QALMAQALI: 6 GB internet 50 dəqiqəyə yoxa çıxdı
"Azercell" istifadəçisi mobil internet paketinin qısa müddətdə əsassız şəkildə tükəndiyini iddia edərək şirkətdən narazılığını açıqlayıb.
32gun.az bildirir ki, Bəhruz İslamzadə adlı vətəndaşın sözlərinə görə, bu gün saat 14:34-də 6 GB-lıq internet paketi aktivləşdirib, lakin cəmi 50 dəqiqə sonra “internetiniz bitdi” mesajı alıb.
Şikayətçi bildirir ki, həmin müddət ərzində avtomobil idarə etdiyi üçün demək olar ki, heç bir tətbiqdən istifadə etməyib. Onun sözlərinə görə, yalnız təxminən 5 dəqiqə YouTube Music üzərindən bir mahnıya qulaq asıb. Buna baxmayaraq, internet paketinin tamamilə bitməsi suallar doğurur.
Məsələ ilə bağlı Azercell-in müştəri xidmətlərinə zəng edən vətəndaş iddia edir ki, ona konkret və əsaslandırılmış izahat verilməyib. Şikayətçi operatora ünvanladığı “bir vətəndaş 6 GB interneti 10 dəqiqəyə necə xərcləyə bilər?” sualının cavabsız qaldığını deyir.
Bəhruz İslamzadə baş verənləri ironik şəkildə şərh edərək, ölkədə həmin gün internetlə bağlı ümumi problemlərin olduğunu xatırladıb və 6 GB trafikin bu qədər qısa müddətdə itməsinin məntiqsiz olduğunu vurğulayıb. O, mobil operatorların fəaliyyətindən narazı olduğunu bildirərək, nömrəsini digər operatora daşımaq istəsə də, alternativlərin də eyni problemlərlə üzləşdiyini qeyd edib.
Şikayətçi hesab edir ki, mobil operatorların fəaliyyətinə ciddi nəzarət mexanizmi yoxdur və vətəndaşların haqları lazımi səviyyədə qorunmur.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Ayaz