Amazon müştərisinə səhvən minlərlə dollarlıq əlavə Samsung SSD-lər göndərdi
Reddit istifadəçilərindən biri Amazon üzərindən iki ədəd Samsung 9100 PRO SSD sifariş etsə də, gözlənilməz halla qarşılaşıb. Onun sözlərinə görə, sifariş etdiyi iki ayrı SSD əvəzinə, iki tam qutu — yəni bir neçə ədəd əlavə yaddaş qurğusu alıb. Artıq SSD-lərin ümumi dəyərinin təxminən 6 min dollar olduğu bildirilir.
32gun.az bildirir ki, bu barədə Videocardz portalı məlumat yayıb.
İstifadəçi səhvi aşkar etdikdən sonra Amazon-un müştəri dəstəyi ilə əlaqə saxladığını qeyd edib. Şirkət nümayəndələri isə ona göndərilən məhsulları saxlaya biləcəyini bildiriblər. Hazırda alıcı əlavə SSD-lərlə bağlı müxtəlif variantları nəzərdən keçirir — bir hissəsini satmaqdan tutmuş, tamamilə SSD əsaslı NAS yaddaş sistemi qurmağa qədər.
Qeyd edək ki, bu cür hadisələr ilk dəfə baş vermir. 2025-ci ilin iyun ayında Reddit-də bir istifadəçi bir ədəd 2 TB-lıq Samsung 990 EVO Plus SSD sifariş etdiyi halda, ona doqquz ədəd SSD olan qutunun çatdırıldığını paylaşmışdı. Marketpleyslərdə sifarişlərin komplektləşdirilməsi zamanı oxşar səhvlər daha əvvəl də qeydə alınıb.
Məlumat üçün bildirək ki, Samsung 9100 PRO M.2 2280 formatında, PCIe 5.0 x4 interfeysli və NVMe 2.0 dəstəkli yüksək sürətli SSD-dir. Qurğunun oxuma sürəti 14 800 MB/s, yazma sürəti isə 13 400 MB/s-ə qədər çatır ki, bu da onu bazardakı ən məhsuldar yaddaş qurğularından birinə çevirir.
Ayaz