ÖZ XƏBƏR

Ani ürək sıxıntısı niyə yaranır? - ARAŞDIRMA

Son dövrlərdə insanlar “durduq yerə ürək sıxıntısı” hiss etdiklərini bildirirlər. Bəzən bu simptomlar sadəcə stress, yorğunluq və gündəlik həyatın yaratdığı gərginliklə əlaqələndirilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, belə hallar əksər vaxtlarda panik atakın ilk əlamətləri ola bilər. Panik atak ani qorxu, ürək döyüntülərinin sürətlənməsi, nəfəs darlığı, başgicəllənmə və soyuq tərləmə ilə müşahidə olunur.

32gun.az bu barədə mini araşdırma edib:

Panik atak zamanı necə davranmalı?
Ekspertlərin sözlərinə görə, panik atak zamanı ilk addım sakitləşməkdir. Dərin nəfəs texnikaları bədəni rahatlaşdırır və ürək döyüntülərini normallaşdırır. Məsələn, 4-7-8 nəfəs üsulu – 4 saniyə nəfəs alma, 7 saniyə saxla, 8 saniyə ver – çox təsirli hesab olunur. Eyni zamanda, bu vəziyyətdə bir kimsə ilə danışmaq, özünü tənqid etməmək və hadisənin müvəqqəti olduğunu qəbul etmək vacibdir.

Psixoloq Nailə Qəniyeva 32gun.az-a bildirib ki, panik atak bədənin təcili “stress reaksiyası”dır. İnsan durduq yerdə ürəyində sıxıntı hiss edirsə, bu, emosional yüklənmə və gərginlik nəticəsində bədənin verdiyi siqnal deməkdir. O əlavə edir ki, bu vəziyyətləri sadəcə “keçici yorğunluq” kimi qəbul etmək doğru deyil. “Panik atak, əksər hallarda uzun müddətli stress və emosional yüklənmələr nəticəsində ortaya çıxır. İnsan bu halları düzgün tanımalı, panik atak zamanı bədəninin verdiyi siqnalları dinləməli və onları idarə etməyi öyrənməlidir,” – deyə psixoloq qeyd edir.

N. Qəniyeva vurğulayır ki, panik atak hər yaşda insanlarda baş verə bilər və onun əlamətləri şəxsdən şəxsə dəyişə bilər. “Bəziləri ürəyində sıxıntı, başgicəllənmə və nəfəs darlığı hiss edir, bəziləri isə əllərdə titrəmə, soyuq tərləmə və ani qorxu yaşayır. Əsas məsələ, bu halların təkrarlanmasını gözardı etməməkdir. Atak zamanı sakit qalmaq və bədənin reaksiyasını normal qarşılamaq, vəziyyəti idarə etməyə kömək edir,” – deyə ekspert əlavə edir.

Ürək xəstəliyindən fərqləndirmək vacibdir
Qeyd etmək lazımdır ki, durduq yerə ürək sıxıntısı hər zaman panik atak demək deyil. Bəzən bu simptomlar ürək və qan dövranı xəstəliklərinin göstəricisi ola bilər. Bu səbəbdən təkrar hallarda mütləq kardioloqla məsləhətləşmək tövsiyə olunur.

Gündəlik vərdişlər stressi azaldır
Mütəxəssislər bildirirlər ki, stress gündəlik həyatın ayrılmaz hissəsidir, lakin idarə olunmadıqda panik atak və digər psixoloji problemlərə yol açır. Müntəzəm fiziki fəaliyyət, balanslı qidalanma və keyfiyyətli yuxu bədənin streslə mübarizə qabiliyyətini artırır və atakların qarşısını almağa kömək edir.

Nəticələr onu göstərir ki..
Durduq yerə ürək sıxıntısı yaşayan şəxslər panik atak əlamətlərini tanımalı, sakitləşmə texnikalarını tətbiq etməli və lazım olduqda psixoloq və kardioloqla məsləhətləşməlidirlər. Panik atak idarə oluna bilən bir vəziyyətdir və düzgün yanaşma ilə bu narahatlıqla effektiv mübarizə aparmaq mümkündür.

Nilay Özsöz

Oxşar Xəbərlər