ÖZ XƏBƏR

Deputatdan qeyri-adi təklif: uzun yol çəkənlər üçün işdən tez çıxma imtiyazı

Deputat Fazil Mustafa paytaxtda illərdir davam edən nəqliyyat sıxlığının yüngülləşdirilməsi üçün qeyri-ənənəvi yanaşmaların gündəmə gətirilməsinin vacibliyini bildirib.

32gun.az bildirir ki, o bu barədə Milli Məclisdə keçirilən son iclas zamanı deyib.

Onun fikrincə, mövcud vəziyyət göstərir ki, yalnız yol infrastrukturu ilə bağlı tədbirlər kifayət etmir və iş rejimlərində dəyişikliklər qaçılmazdır.
Deputat bəzi ölkələrin təcrübəsinə istinad edərək qeyd edib ki, bir sıra dövlətlərdə iş günü daha erkən saatlarda başlayır və günorta saatlarında başa çatır. Bu modelin tətbiqi səhər və axşam pik saatlarında yaranan sıxlığın azalmasına şərait yarada bilər. Eyni zamanda, bəzi qurumların, o cümlədən bank sektorunun həftənin müəyyən günlərində, hətta bazar günü fəaliyyət göstərməsi də alternativ həll yolu kimi nəzərdən keçirilə bilər.
Fazil Mustafa diqqətə çatdırıb ki, yaxın vaxtlarda yayımlanan bir süjetdə dövlət sektorunda çalışan bir şəxs günün yarıdan çoxunu faktiki olaraq yolda keçirdiyini etiraf edib. Onun sözlərinə görə, hazırda minlərlə insan işə vaxtında çatmaq üçün evdən çox erkən çıxmağa, axşam isə saatlarla yollarda qalmağa məcbur olur.
Deputat hesab edir ki, tıxac probleminin qısa müddətdə tam aradan qaldırılması real görünmədiyi üçün, ən azı bu yükü insanların üzərindən qismən azaltmaq mümkündür. Belə ki, işə gedib-gəlmək üçün uzun müddət yol qət etdiyini əsaslandıra bilən əməkdaşlara iş qrafikində güzəştlər tətbiq oluna bilər. Onun fikrincə, iş vaxtının qismən azaldılması həm işçilərin psixoloji vəziyyətinə, həm də ümumi iş keyfiyyətinə müsbət təsir göstərər.
Fazil Mustafa əlavə edib ki, Bakıda nəqliyyatla bağlı mövcud problemlərin həlli çətin prosesdir və bu səbəbdən ictimai nəqliyyatın fəaliyyəti, xüsusilə də avtobus marşrutları və hərəkət cədvəlləri daha səmərəli şəkildə tənzimlənməlidir.

Ayaz 

Oxşar Xəbərlər