ÖZ XƏBƏR

İctimai Televiziya avtomobillər üçün GPS və videoqeydiyyat avadanlıqları alır

İctimai Televiziya və Radio Yayımları Şirkəti avtomobillər üçün videoqeydiyyat cihazlarının, GPS izləmə avadanlıqlarının və GPS izləmə üzrə illik abunə xidmətlərinin satın alınması ilə bağlı satınalma proseduru həyata keçirib.

32gun.az xəbər verir ki, satınalmanın qalibi “GPS SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bağlanmış müqavilənin dəyəri 22.110,84 AZN təşkil edir. Satınalma üzrə ehtimal olunan qiymət isə 23.594,10 AZN olaraq müəyyən edilib.

Texniki şərtlərə əsasən, 48 ədəd GPS izləmə avadanlığı alınacaq. Sözügedən avadanlıqlar 4G dəstəyi, real vaxt rejimində ölkə daxili izləmə, mühərrikin temperaturuna və oborotuna nəzarət, faktiki yanacaq sərfiyyatının və mümkün sızmaların aşkarlanması, soyuducuların temperaturuna nəzarət kimi funksiyalara malikdir. Eyni zamanda marşrut və dayanacaqlar üzrə 400 günlük tarixçə, gündəlik və aylıq hesabatlar, eləcə də geozona bildirişləri nəzərdə tutulur. Quraşdırılma xidmətə daxildir.

Bundan əlavə, 48 avtomobil üzrə GPS izləmə sisteminə illik abunə xidmətinin göstərilməsi də satınalma paketinə daxildir.

Satınalma çərçivəsində həmçinin 45 ədəd videoqeydiyyat kamerası əldə olunacaq. İki kameralı sistemə malik bu cihazlar nəqliyyat vasitəsinin ön hissəsini və salonu eyni vaxtda qeydə alacaq, salon daxilində səs yazılışı aparacaq. Kameralar Full HD və 4K görüntü keyfiyyətini, 512 GB yaddaş dəstəyini və video qeydlərinin azı 1 həftə saxlanılmasını təmin edir. Quraşdırılma bu xidmətə də daxildir.

Ayaz

Oxşar Xəbərlər