ÖZ XƏBƏR

525 nömrəli avtobusda təhlükə: Oturacaqlar yerindən qopur, sərnişinlərin həyatı riskdədir

Paytaxtın sərnişindaşıma sahəsində ciddi təhlükə mənbəyi olan növbəti fakt qeydə alınıb.

32gun.az-a qaynar xəttinə daxil olan görüntüdən də aydın görünür ki, 525 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-ND-297 dövlət qeydiyyat nişanlı avtobusda çəkilən görüntülər sərnişinlərin necə bir risk altında olduğunu açıq şəkildə nümayiş etdirir.

Oturacaqlar yerində durmur

Təqdim olunan videodan aydın görünür ki, avtobusun salonundakı oturacaqlar bərbad vəziyyətdədir. Onlar döşəməyə bərkidilməyib və nəqliyyat vasitəsi hərəkət etdikcə şiddətli şəkildə tərpənir. Bu, hər hansı manevr və ya qəfil tormozlama zamanı oturacaqların yerindən qoparaq sərnişinlərə ağır xəsarət yetirməsinə səbəb ola bilər.

Sərnişinlərin etirazı

Xəbəri redaksiyamıza göndərən sərnişinlər bildirir ki, hər gün bu avtobusdan istifadə etmək məcburiyyətindədirlər, lakin hər an yıxılmaq və ya zədə almaq qorxusu yaşayırlar. "Oturacaqlar sanki hər an aşacaqmış kimi yellənir. Təhlükəsizlik qaydaları kobud şəkildə pozulur," – deyə şikayətçilər qeyd edir.

Nəzarət hardadır?

Sözügedən fakt bir daha onu göstərir ki, xəttə buraxılan nəqliyyat vasitələrinin texniki vəziyyətinə ciddi nəzarət olunmur. Sərnişinlər aidiyyatı qurumlardan bu təhlükəli avtobusla bağlı təcili tədbir görülməsini və sərnişindaşıma standartlarına əməl edilməsini tələb edirlər.

Ayaz 

Oxşar Xəbərlər