Rusiya Prezidenti Vladimir Putin məhkum edilmiş Fransa vətəndaşı Loran Vinateyi əfv edib.
32gun.az bildirir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX-nin açıqlamasında bildirilib ki, Vinate “Rusiya Federasiyası Prezidentinin fərmanı ilə əfv olunub”.
Məlumata görə, Fransa vətəndaşı rusiyalı basketbolçu Daniil Kasatkinlə dəyişdirilib. Kasatkin ABŞ-ın sorğusu əsasında Paris hava limanında saxlanılmış və haker şəbəkəsində iştirakı şübhəsi ilə istintaqa cəlb olunmuşdu.
Loran Vinate isə İsveçrədə fəaliyyət göstərən qeyri-hökumət, qeyri-kommersiya təşkilatının əməkdaşı olub. O, Rusiyada hərbi və hərbi-texniki xarakterli məlumatların toplanmasında ittiham edilərək həbs edilmiş və Rusiya tərəfindən “xarici agent” kimi tanınmışdı.
Qeyd edək ki, dekabrın 25-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Fransa arasında Vinate işi ilə bağlı təmasların olduğunu açıqlamışdı.
Prezident Vladimir Putin isə bundan əvvəl keçirilən birbaşa xətt zamanı Loran Vinate işi barədə ilk dəfə eşitdiyini bildirmiş və məsələni “mütləq araşdıracağını” demişdi.
Ayaz