ÖZ XƏBƏR

İnsan niyə tez bezir? Müasir dövrdə “səbirsizlik sindromu”nun kökləri

Müasir insanın ən çox şikayət etdiyi hallardan biri tez bezmək və uzunmüddətli diqqəti qorumaqda çətinlik çəkməkdir. Bir zamanlar saatlarla səbr tələb edən işlər – kitab oxumaq, dərin söhbətlər aparmaq, bir məqsəd üzərində ardıcıl çalışmaq – bu gün bir çoxları üçün dözülməz görünür. Sosial şəbəkələrdə saniyələr içində dəyişən videolar, ani bildirişlər və sürətli informasiya axını beynin mükafat mexanizmini dəyişib. İnsan getdikcə “tez nəticə” istəyir, gözləməyə və prosesdən zövq almağa dözümsüz olur.

Psixoloqlar bu halı şərti olaraq “səbirsizlik sindromu” adlandırırlar. Bu, rəsmi diaqnoz olmasa da, müasir həyat tərzinin yaratdığı davranış modelini ifadə edir. İnsan diqqətini uzun müddət bir mövzuya yönəldə bilmədikdə, beyində maraq və motivasiya sürətlə azalır, nəticədə bezginlik yaranır. Xüsusilə gənclər arasında “tez sıxılma”, “hər şey darıxdırıcıdır” kimi ifadələrin artması bu tendensiyanın sosial miqyas aldığını göstərir.

Bundan əlavə, müasir dövrdə seçim bolluğu da bezginliyi sürətləndirən amillərdəndir. Onlarla serial, minlərlə video, saysız-hesabsız məlumat arasında seçim etmək insanı daha xoşbəxt etmir, əksinə, qərar yorğunluğu yaradır. Beyin daim “daha maraqlı nə var?” sualı ilə məşğul olduqda, mövcud an dəyərini itirir. Nəticədə insan başladığı işi yarımçıq qoyur, tez-tez istiqamət dəyişir və daxili narahatlıq hissi güclənir.
Psixoloq və davranış üzrə mütəxəssis Elvin Məmmədov 32gun.az-a mövzu ilə bağlı bildirir ki, tez bezmənin əsas səbəbi beynin süni şəkildə sürətli stimullara öyrəşdirilməsidir:
“Son 10–15 ildə insan beyni təbii ritmindən kənar bir sürətə uyğunlaşmağa məcbur olub. Sosial şəbəkələrdə hər bir ‘like’, hər qısa video beyində ani dopamin ifrazına səbəb olur. Bu isə uzunmüddətli səbr tələb edən fəaliyyətləri ‘dəyərsiz’ kimi göstərir. İnsan dərhal nəticə görməyəndə marağını itirir və bezir.”

Ekspertin sözlərinə görə, bu vəziyyət təkcə psixoloji deyil, eyni zamanda davranış problemidir:
“Tez bezən insan zamanla özünə inamını da itirə bilər. Çünki yarımçıq qalan işlər çoxaldıqca ‘mən davamlı ola bilmirəm’ düşüncəsi formalaşır. Halbuki səbəb insanın zəifliyi deyil, onu əhatə edən mühitin sürətidir.”

Elvin Məmmədov əlavə edir ki, səbirsizlik sindromunun qarşısını almaq üçün gündəlik həyatda kiçik “yavaşlama” məşqləri vacibdir: bildirişlərin azaldılması, bir işi sona qədər çatdırmaq vərdişi və prosesə fokuslanmaq beynin yenidən səbrə uyğunlaşmasına kömək edir. Onun fikrincə, səbir anadangəlmə yox, məşq edilən bacarıqdır və müasir insan üçün bu bacarığı yenidən öyrənmək getdikcə daha vacib olur.

Ayaz

Oxşar Xəbərlər