SOSIAL ÖZ XƏBƏR

Fransa universitetlərinin Azərbaycan təhsil ocaqlarından fərqi

Hazırda Fransanın "Grenoble-Alpes" universitetində təhsil alan siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli Fransa təhsil sistemi ilə Azərbaycandakı ali təhsil sistemi arasındakı fərqlərdən danışıb.

32gun.az-a danışan siyasi şərhçinin sözlərinə görə ən önəmli fərq tələbənin yaradıcılığına üstünlük verilməsi, interaktiv metoddan istifadə və tədrisin müqayisəli metodla həyata keçirilməsidir:

"Digər önəmli məsələ ondan ibarətdir ki, biz dərslərdə sərbəst mühitin yaradılmasını bilavasitə gördük".

Əziz Əlibəyli Fransa ali təhsil müəssisəsindəki müəllim-tələbə münasibətlərinə də toxunub:

"Yerli müəllimlərimizlə Fransa müəllimləri arasında obyektiv və subyektiv fərqlər var. Ümumilikdə demək olar ki, müəllimlərin hər birinin ixtisasını yaxşı bilmələri ilə yanaşı bir neçə xarici dil biliyinə sahib olması göz önünə çıxır. 2-ci vacib və ən önəmli fərq təhsilin qloballaşmasıdır. Tələbələrin səviyyəsi nöqteyi-nəzərdən baxdıqda, orada birmənalı şəkildə yüksək səviyyəli tələbələr təhsil alır. Bu Fransız tələbələri anlayışı deyil. Düzdür, təhsil sistemi Fransaya aiddir, amma tələbə məsələsi bir az fərqlidir. Universitetlərdə təhsilin qloballaşmasına səbəb tələbələrin milliyyətcə çox fərqli xalqlara məxsus olmalarıdır. Məsələn, Yaponiyadan 100 nəfər gəlirsə, bu həmin ölkədən seçilmiş tələbələr olur, hansı ki, onlar minimum 2-3 xarici dil biliklərinə malikdirlər.

Eyni zamanda universitetdəki məşğuliyyətlər də təhsilin özü qədər böyük önəm daşıyır.

 Həftəsonları yığıncaqları, pikniklər vazkeçilməzdir. "Campus"un (Universitet şəhərciyi) daxilində müəllimlərin də iştirakı ilə həyata keçirilən əyləncə anları, rəqs gecələri, ball tədbirləri və s. təhsilin keyfiyyətinə də təsir edir".

Mətbuat Katibi universitetdə dərslərin tədrisinin tətbiq formasından da danışıb:

"Fransa tədrisində, ümumiyyətlə, ən incə proqram tərtib olunur, daha sonra onun əsasında saatlar seçilir. Hər hansı bölmə ayrıca götürülür. Bu bölməni digərləri ilə əlaqələndirmirlər. Fənnin giriş hissəsi, vəzifəsi, predmetləri tam mənimsənilməlidir və yaradıcı şəkildə ona uyğun saatlar tərtib olunmalıdır. Adətən, bizdə buna əməl olunmur. Müəllimlər üstünlük verirlər ki, saat hesabları doldurulsun, məşğul göstərilsin.

Heç şübhə yoxdur ki, Fransa təhsil sistemi tətbiq üzərinə söykənilib. Ən adi, xırda iynədən böyük atom tutumlu məhsula qədər özləri istehsal edirsə onların təhsilinin hansı səviyyədə olduğu da göz qarşısındadır".

Aysel Şirinova

Oxşar Xəbərlər