Deputat Fazil Mustafa tədbirdə qarşılaşdığı hörmətsiz münasibətə etiraz edib
32gun.az bildirir ki, Milli Məclisin deputatı Fazil Mustafa iştirak etdiyi rəsmi tədbirdə qarşılaşdığı münasibətlə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, dəfələrlə dəvət edildiyi tədbirin protokol sıralamasında adı yer almayıb.
Deputat qeyd edib ki, birinci və ikinci sıralarda adını tapa bilmədikdən sonra təşkilatçılardan harada əyləşməsinin nəzərdə tutulduğunu soruşub. Cavab olaraq, ona arxa cərgədə – 6-cı sırada boş yer göstərilib. Fazil Mustafa bu cür münasibətin qəbulolunmaz olduğunu vurğulayıb:
"Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər."
Deputat bildirib ki, bu kimi hallarla daha əvvəl də qarşılaşıb və tədbirin əvvəlində qıraq masada əyləşdirilsə də, sonradan tanındıqda ön cərgəyə keçməsi xahiş olunub. Amma o, bu cür yanaşmalara qarşı çıxaraq tədbiri tərk etdiyini bildirib:
"Mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, boş beyinlər doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz."
Fazil Mustafa sonda qeyd edib ki, status və ya protokol kaprizləri etmədiyini, amma rəsmi şəxs kimi dəvət olunduğu məkanda minimum hörmətin göstərilməsinin vacib olduğunu düşünür.
Ayxan