DÜNYA ÖZ XƏBƏR

Depressiyaya düşmə riskini artıran xəstəliklərin adları AÇIQLANIB

Edinburq Universitetinin alimləri müəyyən ediblər ki, şəkərli diabet və ürək-damar xəstəlikləri kimi bəzi xroniki xəstəliklərin birləşməsi gələcəkdə depressiyanın inkişaf ehtimalını iki dəfədən çox artırır.

32gun.az xəbər verir ki, tədqiqatın nəticələri Communications Medicine (ComMed) jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində alimlər Böyük Britaniyada aparılan UK Biobank layihəsinin 37–73 yaş arası 142 mindən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Bu şəxslərin hamısında ən azı bir xroniki xəstəlik olub, lakin onlar tədqiqatın əvvəlində depressiyadan əziyyət çəkməyiblər.

Alimlər klasterləşdirmə üsulundan istifadə edərək iştirakçıları xəstəlik növlərinə görə qruplaşdırıb və bu kombinasiyaların gələcəkdə psixi pozuntuların inkişafına necə təsir etdiyini araşdırıblar.

Məlum olub ki, depressiya riski əsasən ayrı-ayrı xəstəliklərdən deyil, onların birgə mövcudluğundan qaynaqlanır. Xüsusilə də dəqiq diaqnoz qoyulmamış kompleks fiziki problemləri olan insanlarda risk daha yüksəkdir. Bu qrupa şəkərli diabet, ürək-damar xəstəlikləri, astma, xroniki obstruktiv ağciyər xəstəliyi (XOBX), qaraciyər və bağırsaq xəstəlikləri olanlar daxildir.

Qadınlarda oynaq və sümük problemləri – məsələn, artrit – də depressiya ehtimalını artırır. Kişilərdə bu əlaqə daha zəif müşahidə olunub.

Hesablamalara əsasən, ən yüksək risk qruplarında hər 12 nəfərdən biri 10 il ərzində depressiyaya tutulur. Xroniki xəstəliyi olmayanlarda isə bu göstərici iki dəfə azdır – təxminən hər 25 nəfərdən biri.

Alimlər bildirirlər ki, depressiyanın inkişafında təkcə bioloji deyil, sosial amillər – sosial təcrid, həyat keyfiyyətinin aşağı düşməsi və tibbi yardıma çıxışdakı çətinliklər də mühüm rol oynayır.

Nilay 

Oxşar Xəbərlər