Massaçusets Texnologiya İnstitutu və Lyndra Therapeutics biotexnologiya şirkətinin amerikalı alimləri şizofreniyanın müalicəsi üçün bir dəfə qəbul edildikdən sonra dərmanı bir həftə ərzində tədricən buraxan kapsul hazırlayıblar.
32gun.ax bildirir ki, tədqiqatın nəticələri Lancet Psychiatry jurnalında dərc olunub.
Həblə ölçüdə olan kapsul udulduqdan sonra mədədə ulduz formasında açılır və bununla da sürətlə orqanizmdən çıxmasının qarşısı alınır. O, bir həftə ərzində şizofreniya simptomlarını nəzarətdə saxlamaq üçün istifadə olunan risperidon preparatını tədricən buraxır.
Tədqiqatda 83 pasiyent iştirak edib, onlardan 45-i beş həftəlik müalicə kursunu tamamlayıb. Nəticələr göstərib ki, dərmanın qandakı səviyyəsi bütün həftə ərzində stabil qalıb və gündəlik qəbul edilən doza ilə eyni effektivlik göstərib. Yüngül reflüks və qəbizlik kimi yan təsirlər isə az və keçici olub.
Tədqiqatın həmmüəllifi Covanni Traversonun sözlərinə görə, bu yanaşma, xüsusilə də dərman qəbulunu unudan pasiyentlər üçün müalicəyə sadiqliyi xeyli artıra bilər.
Yeni metod gələcəkdə yalnız şizofreniyanın deyil, həm də hipertoniya və astma kimi davamlı müalicə tələb edən digər xroniki xəstəliklərin müalicəsində də inqilabi dəyişikliklərə səbəb ola bilər.
Ayaz