Kaliforniya Universitetinin (San-Dieqo) alimləri müəyyən ediblər ki, hətta sadəcə oturacaqdan daha tez-tez qalxmaq vərdişi belə ürək sağlamlığına, xüsusilə də menopauzadan sonra olan qadınlarda müsbət təsir göstərir.
32gun.az xəbər verir ki, bu barədə Circulation jurnalında dərc olunan elmi məqalədə qeyd olunub.
Tədqiqatda menopauzadan sonrakı qadınlar iştirak ediblər. Bu qrup daha çox ürək-damar xəstəliklərinə, şəkərli diabetə və erkən ölümə meyllidir. Qadınlar üç qrupa bölünüb:
birinci qrup oturmağı azaltmağa çalışıb,
ikinci qrup tez-tez ayağa qalxıb,
üçüncü qrup isə nəzarət qrupu olub.
3 ayın nəticəsinə görə, ikinci qrupdakı qadınlar gündə ortalama 25 dəfə daha çox ayağa qalxıblar və bu, onların diastolik qan təzyiqinin 2,24 mm civə sütunu aşağı düşməsinə səbəb olub. Bu göstərici klinik baxımdan hələ kritik həddə (3–5 mm civə sütunu) çatmasa da, kiçik vərdiş dəyişikliyinin belə sağlamlığa müsbət təsir edə biləcəyini göstərib.
Tədqiqatın aparıcı müəllifi, professor Şeri Hartman bildirib:
“Bizə tez-tez deyilir ki, az oturun. Amma necə? Biz müəyyən etdik ki, qısa ayaqüstü fasilələr – ümumi oturma vaxtını azaltmadan belə – damar sağlamlığını dəstəkləyə bilər”.
Alimlər qan şəkərində dəyişiklik müşahidə etməyiblər, lakin daha ciddi təsirlər üçün müşahidə müddətinin artırılması lazım olduğunu vurğulayıblar. Növbəti mərhələdə isə həm yaşlı kişiləri, həm də qadınları əhatə edən genişmiqyaslı tədqiqat planlaşdırılır.