Deýton Universitetinin alimləri müəyyən ediblər ki, sosial şəbəkələrdə “çox cazibədar” görünən fitnes-inflyuenserlərin auditoriya ilə emosional bağ qurmaq imkanları “mülayim dərəcədə cazibədar” həmkarlarına nisbətən daha azdır.
32gun.az xəbər verir ki, Araşdırma Psychology & Marketing jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində yüzlərlə sosial şəbəkə istifadəçisi arasında eksperimentlər keçirilib. Onlara eyni məzmunlu paylaşımlar təqdim olunub, lakin bir qrupda model görkəmli, əzələli fitnes-blogerlər, digərində isə daha “realistik” və əlçatan görünüşlü insanlar yer alıb.
Nəticələr “gözəlliyin əks təsiri” (beauty backfire) adlandırılan effekti təsdiqləyib: istifadəçilər daha çox bəyənmə qoyub və izləmə istəklərini mülayim cazibəyə sahib blogerlərdə ifadə ediblər. İdeal gözəllik heyranlıq doğursa da, izləyicilərə uzaq və az səmimi görünür.
Alimlər həmçinin qeyd ediblər ki, həddindən artıq cazibədar influencerlərin fotoları izləyicilərdə bir qədər özünəinamı azaldır, orta səviyyəli gözəllik isə əksinə, daha çox inam yaradır — çünki daha real və əldə edilə bilən təsir bağışlayır.
Maraqlıdır ki, bu fərqi aradan qaldırmaq mümkündür: əgər ideal görünüşlü blogerlər fotolarını sadə və səmimi qeydlərlə — məsələn, “bu, uzun zəhmətin nəticəsidir” — müşayiət edirdilərsə, auditoriyanın reaksiyası bərabərləşirdi.
Mütəxəssislərin fikrincə, nəticələr xüsusilə vacibdir, çünki fitnes məzmunu çox vaxt komplekslər və bədən narazılığının mənbəyinə çevrilir. Davamlı auditoriya qazanmaq istəyən blogerlərə yalnız “ideal” deyil, həm də şəxsi çətinliklər və zəhmət yolunu paylaşmaq tövsiyə olunur.
Nilay